“Kimyaçı xanımlarımız ” adlı tədbir keçirilmişdir
5 mart 2022-ci il tarixində Bakı Dövlət Universitetinin Kimya fakültəsi könüllülərinin təşəbbüsü ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Kimyaçı xanımlarımız” adlı tədbir keçirilmişdir. Əvvəlcə fakültə könüllüləri 1-ci Fəxri Xiyabana gedərək Azərbaycanın analitik kimya sahəsində ilk və yeganə xanım akademiki, əməkdar elm xadimi, Dünya Azərbaycan Qadınları Birliyinin Fəxri sədri olmuş Rəfiqə Əliyevanın məzarını ziyarət etmişlər.
Tədbir Kimya fakültəsinin könüllüsü İdrisova Milanənin aparıcılığı ilə keçirilmişdir. Kimya fakültəsinin dekanı Fuad Kərimli Beynəlxalq Qadınlar Günü münasibətilə fakültənin xanım əməkdaş və tələbələrini təbrik edib, ölkəmizin elmi potensialının artırılmasında xanımlarımızın layiqli yer tutduğunu vurğulamış, Azərbaycanda yüksək ixtisaslı kimyaçılar nəslinin yetişməsində akademik Rəfiqə Əliyevanın verdiyi töhfələrdən danışmış, ruhunu böyük ehtiramlan yad etmişdir.
Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov xalqımıza Qələbə sevincini yaşadan qəhrəman oğullar yetişdirən Azərbaycan qadınlarının mərdlik və fədəkarlıqlarını, müqəddəs bir missiyanı şərəflə daşıdıqlarını, ölkəmizin içtimai-siyasi həyatda yaxından iştirak etdiklərini vurğuladı.
Tədris işləri üzrə dekan müavini Natavan Mahmudova 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə öz səmimi ürək sözlərini çatdırdı.
Tədbirdə Kimya fakültəsi könüllüsü Fərid İsmayıllı 8 Mart-Beynəlxalq Qadınlar Günü yaranma tarixı haqqında məlumat vermiş, Məmmədova Zəkiyyə Cəfər Cabbarlının Ana şeirini səsləndirmişdir.
Kimya fakültəsi TGT-sədri Əli Qədirlinin akademik Rəfiqə xanım Əliyevanın, TEC-sədri İsa İsayevin Azərbaycanın xanım kimyaçı alimi, akademik və ilk milli kino aktrisası İzzət Orucovanın həyat və yaradıcılığı haqqında məruzələri dinlənildi.
Kimya fakültəsi Könüllülərinin koordinatoru İlqar Hüseynov Azərbaycan xanımlarını təbrik etmiş və könüllülük fəaliyyətində xanımların iştirakı haqqında məlumat vermişdir.