Şəhid ailələri ziyarət olundu
Bakı Dövlət Universiteti (BDU) Kimya fakültəsi Tələbə Həmkarkar İttifaqı Komitəsinin təşəbbüsü ilə Şəhid Vadim Qocayev və Fəxrəddin Qurbanlının ailələri ziyarət olunmuşdur. Şəhidlərin ailə üzvləri ilə görüş zamanı Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edildi. Şəhid Fəxrəddinin atası Seyfəddin Qurbanov oğlunun uşaqlığından, məktəb illərindən, tələbəlik həyatından və onun kiçik yaşlarından necə Vətənpərvər olmasından danışdı. Fəxrəddinin təhsil aldığı ali təhsil müəssisəsi tərəfindən “Şəhid Fəxrəddin Qurbanlı adına Təqaüd”-ün təsis olunduğunu bildirdi. Təqaüdün hər tədris ilinin birinci semestrində universitetə ən yüksək balla qəbul olmuş tələbəyə verildiyini söylədi. Tələbələr şəhidlərin ev müzeylərində onlara aid şəxsi əşyalarla tanış oldular. Şəhidlərimizin fotolarından ibarət xatirə albomlarına baxış keçirilib, onların döyüş yolu xatırlandı. Şəhid anaları qəhrəman oğulları ilə bağlı xatirələrini tələbələrlə bölüşdülər. Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizi yad etmək hər birimizin borcudur. Allah şəhidlərimizə rəhmət eləsin.