Zəfər Gününə həsr olunmuş tədbir keçirilmişdir
Bakı Dövlət Universiteti (BDU) Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 8 noyabr Zəfər Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir dövlət himninin səsləndirilməsi, Ümumilli Lider Heydər Əliyevin və vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuş Şəhidlərimizin unudulmaz xatirəsinin hörmət və ehtiramla yad edilməsi ilə başlamışdır. lll kurs tələbəsi Səmra Səmədzadənin moderatorluğu ilə davam edən tədbirdə Şuşa şəhərinin tarixi, işğaldan azad olunması, mədəniyyət və incəsənəti haqqında məlumatlar verilmişdir. Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Mehriban Ağabəyli, I kurs tələbələri Dərya Həsənova və Elmir Məmmədov öz çıxışlarında bildirmişlər ki, Şuşa şəhəri Azərbaycan mədəniyyət və incəsənətinin mərkəzlərindən biri, Qarabağın göz bəbəyidir, XVIII əsrin ikinci yarısında Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik şəhəri sayılan Şuşa özünün qəhrəman oğulları, mədəniyyət və incəsənət xadimləri, tarixi abidələri, xalçası, ipəyi, parçası və çini qabları ilə böyük şöhrət qazanmışdır. Tədbirdə Ali Baş komandan cənab İlham Əliyevin Şuşanın azad olunması ilə bağlı tarixi çıxışı səsləndirilmişdir. Sonda Şuşa haqqında hazırlanmış videoçarx təqdim olunmuşdur.