ETL haqqında

“Alkenilfenollar kimyası” elmi-tədqiqat laboratoriyası “Neft kimyası və kimya texnologiyası” kafedrasının nəzdində 1991-ci ildə professor Musa Rza Bayramovun təşəbbüsü ilə yaradılmışdır. Laboratoriyanın elmi rəhbəri və müdiri Əməkdar Elm Xadimi professor Musa Rza oğlu Bayramovdur.

Hal-hazırda laboratoriyanın mövzusuna uyğun olaraq k.e.d., prof. M.R.Bayramov (layihənin həmrəhbəri) Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən yaradılan Grant №EIF/MQM/Elm-Tehsil-1-2016-1(26)-71/01/3 layihəsinin qalibidirlər.

Laboratoriyanın elmi istiqaməti – fenol və onun törəmələri əsasında polifuksional monomerlərin kimyası.

Laboratoriyanın əməkdaşları tərkibində müxtəlif heteroatom saxlayan yeni polifunksional monomerlərin sintezi və onların kimyəvi çevrilmələri nəticəsində alınmış funksional oliqomer, sooliqomer, sopolimerlər (suda həll olan), polimer stabilizatorlar, təbii və neft lay sularının ağır metal və radionuklidlərdən təmizlənməsi üçün polimer sorbentlərin, neft quyularının məhsuldarlığını artıran, metalların korroziyasının qarşısını alan səthi-aktiv maddələrin, eləcə də bioloji-aktiv polifunksional birləşmələrin alınması istiqamətində tədqiqat işləri aparır. 

Laboratoriyanın əməkdaşları tərəfindən ilk dəfə olaraq alkenilfenolların aminometil törəmələri əsasında şəraitdən asılı olaraq yüksək molekullu, istiliyə və işıq şüalarına qarşı  davamlı sopolimerlərin alınması üçün yeni yanaşma işlənib hazırlanmışdır.

Neft, qazçıxarma və neft emalı sənayesində istifadə olunan metal avadanlıqların korroziyadan qorunması üçün polifunksional inhibitorların, neft quyularının məhsuldarlığını artıran suda həll olan sooliqomerlərin, ekoloji və iqtisadi cəhətdən daha səmərəli “tikili” polimer sorbentlərin işlənib hazırlanması ilə əlaqədar mühüm nəticələr əldə edilmişdir.

Laboratoriyanın mövzusuna uyğun alınmış nəticələr əsasında 25-ə qədər Az.Patenti və 1 Avroasiya patenti alınmışdır. Rusiyanın yüksək impakt faktorlu “Chemical Reviews” jurnalında bir icmal məqalə, Rusiyanın Moskva şəhərində "Mir" nəşriyyatında çap olunmuş “Химия алкенилфенолов” adlı monoqrafiyası dərc olunmuş, həmçinin “Turkish journal of chemistry”, “Petroleum chemistry”, Journal of chemical society of Pakistan”, “Pharmaceutical chemistry journal”, “Russian journal of Applied Chemistry” jurnalları və digər bir çox nüfuzlu jurnallarda illərdir ki, məqalələr dərc olunur.

Laboratoriya əvvəllər uzun müddət təsərrüfat müqavilələri ilə elmi işlər aparmışdır. 2006-2009-cu illərdə laboratoriya Ukrayna Elmi Texnoloji Mərkəzin yaratdığı 3840 saylı grant müsabiqəsinin qalibi olmuşdur. 2010-2014-cü illərdə isə laboratoriyanın əməkdaşları Azərbaycan Respublikasının Prezidenti yanında Elmin inkişafı fondunun qrant müsabiqəsinin qalibi olmuşlar.

Laboratoriyanın əməkdaşları prof. Musa Bayramov və k.ü.f.d. Günay Mehdiyeva Qazaxıstanda Müstəqil Dövlətlər birliyinin keçirdiyi “Yaxşı Elmi işçi - 2023” Beynəlxalq müsabiqənin qalibi olmuş, medal və diplomlarla təltif edilmişlər.

Fakültədə təhsil alan tələbələr TEC-in xətti ilə ETL-də aparılan elmi-tədqiqat işlərində yaxından iştirak edirlər. Eləcə də kafedranın tədrisi ilə ETL arasında sıx əlaqə vardır. Belə ki, laboratoriyada kafedranın magistrlərin dissertasiyaları və bakalavrların buraxılış işləri yerinə yetirilir. Hazırda 1 aspirant  (Quliyeva Şəhla) və 1 elmlər doktoru üzrə dissertant (Mehdiyeva Günay) elmi işlərini yerinə yetirir.

Laboratoriya AMEA-nın elmi-tədqiqat, REA-nın Semyonov adına “Kimyəvi fizika” institutları və b. ilə əməkdaşlıq edir.

ETL-də aparılan tədqiqat işləri ilə əlaqədar 2 nəfər elmlər doktoru, 8 nəfər isə fəlsəfə doktoru dərəcəsini almaq üçün dissertasiya müdafiə etmişlər.

Laboratoriya yarandığı gündən 500-dən çox elmi əsər dərc edilmiş, 25-dən çox patent alınmışdır.

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 379-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 5390559 / (+99412) 5390953 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2024
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət