Fakültənin beynəlxalq əlaqələri

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin qarşıya qoyduğu başlıca məqsədlərdən biri də beynəlxalq standart və meyarlara uyğun tədris proqramları və metodları əsasında müasir əmək bazarının tələblərinə cavab verən yüksəkixtisaslı kadrların hazırlanmasıdır. Elm və təhsil sahəsində beynəlmiləlləşmənin xüsusi əhəmiyyət kəsb etdiyi müasir zamanda beynəlxalq əlaqələr fakültənin inkişafının əsas göstəricilərindən hesab olunur. Bu baxımdan da kimya fakültəsində beynəlxalq fəaliyyət dairəsinin genişləndirilməsi, akademik əməkdaşlıq imkanlarının artırılması, dünyanın nüfuzlu aparıcı təhsil ocaqları ilə, beynəlxalq assosiasiyalarla əlaqələrin qurulması və beynəlxalq reytinqlərdə iştirakın təmin olunması istiqamətində mütəmadi olaraq işlər görülür.

Kimya fakültəsi fəaliyyətə başladığı ilk vaxtlardan etibarən dünyanın nüfuzlu elm-təhsil mərkəzləri ilə sıx əlaqələr yaratmış, bu əlaqələr tədrisin keyfiyyətinin və mütəxəssislərin ümumpeşə səviyyəsinin yüksəldilməsinə xeyli dərəcədə müsbət təsir göstərmişdir. Bu əlaqələr bu gün də davam və yüksək səviyyədə inkişaf etdirilir. Kimya fakültəsinin beynəlxalq əməkdaşlıq xəttində dünyanın aparıcı dövlətlərinin (Türkiyə, ABŞ, Rusiya Federasiyası, Almaniya, Polşa, Ukrayna, Fransa, İsveç, Portuqaliya, İran, Macarıstan, Avstriya, Çex Respublikası, İtaliya, İspaniya və s.) ali məktəbləri ilə sıx əməkdaşlıq siyasəti durur. Bura ikili diplomlar, müəllim-tələbə mübadiləsi, birgə elmi tədqiqatların aparılması və s. daxildir.

Fakültənin tələbə və əməkdaşları Erasmus+ KA107 ICM tələbə-müəllim mübadilə proqramı çərçivəsində Türkiyənin Yıldız Teknik Universitetində və İtaliyanın Pavia Universitetində elmi-tədqiqat işi aparmışlar. Fakültənin əməkdaşları Türkiyə Respublikasının TÜBİTAK tərəfindən maliyələşdirdiyi layihələrdə iştirak edirlər. Qabaqcıl elm mərkəzlərindən Fransanın Montpellier Universiteti ilə əməkdaşlıq xüsusilə qeyd edilməlidir. 2007-ci ildə bu universitet ilə BDU arasında imzalanmış əməkdaşlıq müqaviləsi Fransanın Elm və Təhsil Nazirliyində təsdiq edilmişdir. Çex Respublikasının Karlova (Praqa) Universiteti ilə kimya fakültəsi arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq 50 ilə yaxındır davam edir.

2018-ci ildə Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Emil Qasımov Slovakiyanın Rodova bölgəsində "Gənclərin dünya problemlərinə marağın artırılması" və "Kultural qarışıqlıq" mövzusunda keçirilən regional prezidentlərin görüşündə iştirak edib.

Kimya fakültəsi və Karlova Universiteti Təbiət elmləri fakültəsi arasında tələbə və müəllim mübadiləsi, elmi, qarşılıqlı əməkdaşlıq sahəsində imzalanmış anlaşma memorandumuna əsasən 2019-cu ildə fakültənin bir qrup bakalavr və magistrantları Karlov Universitetində təcrübə mübadiləsi keçmişdir.

Son dövrlər isə bu əlaqələr daha böyük miqyasda genişlənmişdir.

Fakültənin əməkdaşları xarici universitetlərin institusional və proqram akkreditasiyalarında beynəlxalq ekspert kimi iştirak edirlər.

Fakültənin alimləri beynəlxalq qrant proqramlarının iştirakçılarıdır. Kimya fakültəsində keçirilən Beynəlxalq konfranslarda dünyanın qabaqcıl universitet və elm mərkəzlərinin əməkdaşları iştirak edir və tanınmış alimləri müasir kimyanın aktual problemləri mövzusunda mühazirə ilə çıxış edirlər.

Fakültənin beynəlxalq əlaqələrinin gələcəkdə daha da inkişaf etdirilməsi üçün strateji plan hazırlanmışdır:

  • Müvafiq ixtisas üzrə kadr hazırlığı aparan Türkiyə, Avropa, MDB məkanına daxil olan dövlətlərin universitetləri ilə təcrübə mübadiləsi-tələbələrin bir və ya bir neçə həftəlik qarşlıqlı təcrübə mübadiləsinin təşkili;
  • Müxtəlif Beynəlxalq Mübadilə Proqramlarında (ERASMUS, Mövlanə və s.)  iştirak üçün səyləri artırmaq;
  • Beynəlxalq tələbə konfranslarında magistrantların iştirakını təmin etmək;
  • Mütəmadi olaraq xarici mütəxəssislərin onlayn mühazirələrinin təşkili;
  • İkili diplomların verilməsi ilə bağlı (Avropa, Türkiyə və MDB məkanına daxil olan dövlətlərin universitetləri ilə birgə) işlərin aparıması və s.
Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 379-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 5390559 / (+99412) 5390953 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2024
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət