Bütün dünyada olduğu kimi, Azərbaycanda da kimya elminin inkişafına neft emalı böyük təkan vermişdir. XIX əsrin II yarısında Nobel qardaşlarının, V.İ.Roqozinin və digər neft maqnatlarının neftdən daha səmərəli istifadə yollarını müəyyən etmək üçün D.İ.Mendeleyev, V.V.Markovnikov, V.O.Kovalevski, F.F.Beylşteyn, A.A.Kurbatov, V.N.Oqlobin kimi məşhur kimyaçı alimləri Bakıya dəvət etmələri Azərbaycanda kimya elminin formalaşmasına ciddi təsir göstərdi.
Kimya fakültəsi 1919-cu ildə yaradılmış Bakı Dövlət Universtetinin tibb fakültəsinin nəzdində fəaliyyət göstərən “Ümumi və qeyri-üzvi” kimya kafedrasının bazası əsasında 1934-cü ildə formalaşdırılıb. Fakültənin ilk kafedrası olan “Ümumi və qeyri-üzvi” kimya kafedrasının ilk müdiri Pyotr Kuznetsov olmuşdur. 1936-cı ildə onu Almaniyanın Darmştadt Kimya Texnologiya İnstitutunu bitirmiş kimyaçı mühəndis prof. Sadıq Cavad oğlu Hüseynov əvəz etmişdir. O, BDU-da ilk dəfə Azərbaycan dilində kimyadan mühazirələr oxumuş, eyni zamanda ölkəmizdə kimya terminologiyasının və ilk kimya dərsliklərinin yaradılmasında mühüm xidmətlər göstərmişdir. Kimya fakültəsinin yaradılması ilə Azərbaycanda kimya elminin sistemli inkişafı başlamışdır. Akademik Yusif Məmmədəliyev kimi görkəmli kimyaçı alimin yetişməsi isə Azərbaycanda milli kimya məktəbinin yaranmasına gətirib çıxarmışdır. Kimya elminin müxtəlif istiqamətlərdə inkişafı Azərbaycanda sonralar nəhəng kimya sənayesinin - Sumqayıtın böyük kimya müəssisələrinin, Daşkəsən filiz-mədən zavodunun, Gəncə alüminium zavodunun və s. fəaliyyətə başlaması ilə nəticələnib.
Azərbaycanda kimya elmi və sənayesinin inkişafı Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi 1970-1980-ci illərdə geniş vüsət almışdır. Bu dövrdə çoxsaylı fabrik və zavodlar işə salınmış və yenidən qurulmuşdur. Ümummilli lider Heydər Əliyev 1993-cü ildən sonra Azərbaycana yenidən rəhbərlik etdiyi dövrdə də bu sahənin inkişafına xüsusi həssaslıqla yanaşmışdır. 2003-cü ildən etibarən bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Bu istiqamətdə aparılan məqsədyönlü dövlət siyasətinin nəticəsində hazırda dünya kimya elminin ənənəvi istiqamətləri ilə yanaşı yeni elmi istiqamətləri, o cümlədən biokimya, molekulyar biokimya, fiziki kimya, kimyəvi fizika və s. sahələr də Azərbaycanda uğurla inkişaf edir.
Azərbaycanda neft kimyası və kimya texnologiyası elmi məktəbinin banisi akademik Yusif Heydər oğlu Məmmədəliyevin (1905-1961) ölkəmizdə kimyaçılar nəslinin yetişməsindəki xidmətləri xüsusilə əvəzsizdir. Akademik Y.Məmmədəliyev 1945-1961-ci illərdə fakültənin Neft kimyası kafedrasına rəhbərlik etmiş və neft qazlarının və onların müxtəlif komponentlərinin halogenləşməsi, onların əsasında qiymətli maddələrin alınması sahəsindəki orijinal tədqiqatları ilə neft kimyası sahəsini xeyli zənginləşdirmişdir.
Y.Məmmədəliyevin tədqiqatları ikinci dünya müharibəsi illərində sovet aviasiyasının yüksək oktanlı yanacaqla təmin edilməsinə səbəb olmuş və müharibənin gedişində əhəmiyyətli dönüş yaratmışdır. Onun yaratdığı neft-kimya elmi məktəbinin ənənələrini professorlar Ş.Əhmədov, M.Məhərrəmov, M.Bayramov, O.Əkbərov, N.Sadıqov, Q.Hüseynov, N.Yusubov və başqa görkəmli alimlər uğurla davam etdiriblər.
Respublikamızda kimya təhsilinin banisi olan professor Sadıq Cavad oğlu Hüseynov (1883-1952) 1910-cu ildə Almaniyada Darmştadt Kimya Texnologiya İnstitutunu kimyaçı-mühəndis ixtisası üzrə bitirib. 1927-ci ildən Bakı Dövlət Universitetində çalışan S.Hüseynov 1936-cı ildə BDU-da Qeyri-üzvi kimya kafedrasının müdiri olmuşdur. S.Hüseynov buruq sularından ozon üsulu ilə yodun, bromun alınması, işlənmiş sulfat turşusunun təmizlənməsi, xalq təsərrüfatına lazım olan bir sıra qiymətli kimyəvi birləşmələrin sintezi, ayrı-ayrı kimyəvi elementlərin vəsfi və miqdari təyini üsullarını işləyib hazırlamışdır. II dünya müharibəsi illərində cəbhənin ehtiyacını ödəmək üçün lazım olan bir sıra maddələrin alınmasının yeni üsullarını təklif etmişdir. S.Hüseynovun “Qeyri-üzvi kimya praktiumu” əsəri kimyaçı kadrların yetişməsində mühüm rola malikdir. Alim, həmçinin Azərbaycanda bir neçə zavod və fabrikin təşkilində elmi məsləhətçi olmuşdur.
Azərbaycanda milli kadrların yetişməsinə böyük əmək sərf etmiş professor Vladimir İvanoviç Tixomirov (1881-1961) 1921-ci ildən Bakı Dövlət Universitetində çalışmış və 1936-1946-cı illərdə Fiziki kimya kafedrasının müdiri olmuşdur. V.Tixomirovun əsas elmi-tədqiqat işləri Bakı neftinin və neft məhsullarının emalı zamanı baş verən mürəkkəb fiziki-kimyəvi proseslərin, vulkanik küllərin, gillərin, eləcə də bəzi mineralların katalitik xassələrinin öyrənilməsinə həsr edilmişdir. Bakı Dövlət Universitetinin alimləri aşqarlar kimyası elmi istiqaməti üzrə də mühüm elmi nəticələr əldə edib.
Azərbaycanda kimya elminin inkişafında mühüm rolu olan akademik Soltan Cəfər oğlu Mehdiyev (1914-1985) 1934-1939-cu illərdə Kimya fakütəsində təhsil alıb. 1956-1960-cı illərdə Neft kimyası və kimya texnologiyası kafedrasının professoru olan akademik S.Mehdiyevin əsas elmi işləri naften karbohidrogenlərinin və onların törəmələrinin kimyasına həsr olunmuşdur. Alim naften karbohidrogenlərinin izomerləşmə reaksiyasının mexanizminin, alkiltsikloheksan karbohidrogenlərinin xlorlaşma və oksidləşdirici ammonoliz reaksiyalarının qanunauyğunluqlarını müəyyən etmişdir.
Akademik Rəfiqə Əlirza qızı Əliyeva (1932-2017) analitik kimya kafedrasının və ümumiyyətlə analitik kimya elminin inkişafında mühüm rol oynayan alimlərimizdəndir. R.Əliyeva 1952-1956-cı illərdə Bakı Dövlət Universitetinin Kimya fakültəsində təhsil almış və ömrünü Analitik kimya kafedrası ilə bağlamışdır. O, 2001-ci ildə fakültədə “Ekoloji kimya və ətraf mühitin mühafizəsi” elmi-tədqiqat laboratoriyasını yaratmış, 2017-ci ilə kimi həmin laboratoriyaya rəhbərlik etmişdir. Uzun müddət Analitik kimya kefedrasının professoru olmuş R.Əliyeva “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb, həmçinin “Şöhrət” ordeni ilə təltif olunmuşdur. Akademik R.Əliyeva keçid və nadir torpaq elementlərinin fotometrik təyini və qatılaşdırma metodikalarının işlənilməsi sahəsində fundamental tədqiqatlar aparmışdır. O, piroqallol, teonilidin və asetilaseton əsasında bir neçə yeni üzvi reaktivlər sintez etmiş və onlardan istifadə ilə bir sıra metal ionlarının təyini üçün yüksək analitik göstəricilərə malik fotometrik metodikalar işləyib hazırlamışdır. Akademik R.Əliyeva malein anhidridi-stirol sopolimeri əsasında alınmış sintetik sorbentlərlə radioaktiv və toksiki xassəyə malik bəzi metal ionlarının qatılaşdırılması metodikalarını təklif etmişdir. O, ilk dəfə olaraq analitik reaksiyaları xarakterizə edən parametrlərlə kompleks birləşmələrin quruluşu arasındakı asılılığı müəyyən etmişdir. Alim qarışıqliqandlı kompleks birləşmələrin tədqiqi sahəsində də mühüm tədqiqat işləri aparmışdır. R.Əliyeva ilk dəfə olaraq liqand-liqand qarşılıqlı təsirini müxtəlif fiziki-kimyəvi metodlarla öyrənməklə qarışıqliqandlı komleks birləşmələrin alınmasında üçüncü komponentin seçilmə prinsipi haqqında yeni elmi fikirlər irəli sürmüşdür. O, binar sistemə əlavə edilən üçüncü komponentin metalla koordinasiyası zamanı, qarışıqliqandlı kompleks birləşmələrdə davamlılığın, seçiciliyin və həssaslığın artmasını təcrübi faktların analizi əsasında müəyyən etmişdir. Akademik R.Əliyeva 450-dən çox elmi əsərin, 25-dən çox dərslik və dərs vəsaitinin, 6 tərcümə kitabının və 20 patentin müəllifidir. Onun rəhbərliyi ilə 20 fəlsəfə doktoru və 2 elmlər doktoru yetişmişdir.
Fakültə alimləri zərif üzvi sintez elmi istiqamətində də səmərəli elmi-tədqiqat işləri aparmışdır. Bu sahədə araşdırmalar aparan akademik Abel Məmmədəli oğlu Məhərrəmov (1950) 1966-1971-ci illərdə Bakı Dövlət Universtetinin kimya fakültəsində təhsil alıb. A.Məhərrəmov 1993-1999-cu ilərdə kimya fakültəsinin dekanı, 1999-2018-ci illərdə Bakı Dövlət Universitetinin rektoru vəzifəsində çalışıb. Hazırda BDU-nun Üzvi kimya kafedrasının müdiridir. Akademik A.Məhərrəmov dopinq şəraitində elektrofil birləşmə reaksiyalarında (AdE) yeni sintetik istiqamətlər müəyyənləşdirib, xarici nukleofillər iştirakında elektrofil birləşmə reaksiyalarında regio, stereo və xemoselektivliyi tədqiq edib.
Azərbaycanda kimya elminin inkişafında, dünya miqyasında tanıdılmasında və kimyaçılar nəslinin yetişməsində kimya fakültəsinin məzunları və fakültə ilə sıx əməkdaşlıq etmiş akademiklər Y.H.Məmmədəliyev, M.F.Nağıyev, Ə.M.Quliyev, S.C.Mehdiyev, M.Ə.Məmmədyarov, N.M.Seyidov, K.İ.Sadıqov, T.M.Nağıyev, V.M.Fərzəliyev, A.M.Məhərrəmov, R.Ə.Əliyeva, S.F.Qarayev, R.H.Rizayev, D.B.Tağıyev, A.H.Əzizov, A.A.Qəribov, F.Y.Əliyev, Ə.Ə.Məcidov, AMEA-nın müxbir üzvləri C.İ.Zülfüqarlı, M.M.Mövsümzadə, M.Ə.Mərdanov, B.A.Dadaşov, M.M.Hüseynov, R.Ə.Babaxanov, P.H. Rüstəmov, Y.H.Qəmbərov, T.X.Qurbanov, İ.G.Kərimov, M.S.Salahov, Ş.Ə.Məmmədov, Ə.N.Nuriyev, A.M.Quliyev, N.M.Quliyev, M.M.Əhmədov, N.F.Canibəyov, M.B.Babanlı, H.M.Əlimərdanov, E.B.Zeynalov, B.Ə.Məmmədov, Ə.D.Abbasov, T.A.Əliyev kimi görkəmli alimlərimiz mühüm xidmətlər göstəriblər.
Yarandığı dövrdən indiyədək kimya fakültəsinə dos. Məmmədəmin Hacı Əhməd oğlu Əfəndi (1934-1937), dos. Murtuza Qasım oğlu Əhmədli (1937-1938), dos. Mədət Əli oğlu İskəndərov (1938-1939), dos. Səttar Əbilov (1939-1946), prof. İslam Qafar oğlu Əlizadə (1946-1950), prof. Cümşüd İsmayıl oğlu Zülfüqarlı (1950-1952), prof. Səkinə Əşrəf qızı Ələkbərova (1952-1957; 1981-1983), dos. Qiyas Kərim oğlu Abdullayev (1957-1960), prof. Cəbrayıl Ələkbər oğlu Hüseynov (1960-1967), dos. Bəşir Mikayıl oğlu Mirzəyev (1967-1975), dos. Fikrət Rzaqulu oğlu Babayev (1975-1978), dos. Dəmir Heydər oğlu Qəmbərov (1978-1981), dos. Ənvər Ağamirzə oğlu Bəşirov (1983-1988), prof. Valeh Mehralı oğlu İsmayılov (1988-1993), prof. Abel Məmmədəli oğlu Məhərrəmov (1993-1999), prof. Eldar İsa oğlu Əhmədov (1999-2006), prof. Abdulsəyid Əbdülhəmid oğlu Əzizov (2006-2021) rəhbərlik etmişdir. 2022-ci ildən isə fakültəyə dos. Fuad Şəmsəddin oğlu Kərimli rəhbərlik edir.
Yeni yaradıldığı vaxt Kimya fakültəsinin cəmi üç əməkdaşı olub. Hazırda isə fakültədə təhsil alan tələbə və magistrantların təlim-tərbiyəsi ilə 100-ə yaxın professor-müəllim heyəti məşğul olur. Onlardan 3 nəfəri AMEA-nın həqiqi üzvü, 1 nəfəri AMEA-nın müxbir üzvü, 27 nəfəri elmlər doktoru, professor, 47 nəfəri fəlsəfə doktoru, dosent, baş müəllim və müəllimdir. Fakültənin elmi-tədqiqat laboratoriyalarında çalışan 56 əməkdaşından 24 nəfəri fəlsəfə doktorudur. Fakültədə 52 laborant və 14 texniki işçi çalışır.
Kimya fakültəsində təhsil forması əyanidir. Təhsil Azərbaycan, rus və ingilis dillərində aparılır. 2014-2015-ci tədris ilindən etibarən Təhsil Nazirliyi yüksək ixtisaslı kadr hazırlığı məqsədi ilə “Kimya” və “Kimya müəllimliyi” ixtisası üzrə “Sabah qrupu” yaradıb. 2011-ci ildən fakültənin “kimya” ixtisasının ingilis bölməsinə tələbə qəbulu həyata keçirilir. Fakültədə “Kimya”, “Kimya mühəndisliyi”, “Kimya müəllimliyi” ixtisasları üzrə bakalavr, 16 ixtisaslaşma üzrə magistr hazırlığı aparılır.
Kimya ixtisasında universal kadr hazırlığı aparılır, həmin ixtisası bitirən tələbələr kimya, neft kimyası sənayesi müəssisələrində, kimya profilli elmi tədqiqat institutlarında işləyə bilər. Kimya müəllimliyi ixtisasını bitirən tələbələr kimya müəllimi ixtisasına yiyələnir. Onlar ölkəmizin orta məktəblərində, liseylərində kimya müəllimi kimi kimya fənnini yüksək səviyyədə tədris edə bilərlər. Kimya mühəndisi ixtisasında neft və qaz, boya, kimya, plastik maddələr, ərzaq, əczaçılıq və digər emal sənayeləri üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlığı aparılır. Hazırda fakültədə 1100 nəfərə yaxın bakalavr, 120 nəfərə yaxın magistrant təhsil alır. Fəlsəfə doktoru proqramı üzrə 13 nəfər doktorant, 8 nəfər dissertant, elmlər doktoru proqramları üzrə isə 15 nəfər öz dissertasiya işi üzərində çalışır.
Fakültədə Tələbə Elmi Cəmiyyəti, Tələbə Həmkarlar İttifaqı Təşkilatı və Tələbə Gənclər Təşkilatı aktiv fəaliyyət göstərir.
Fakültənin magistratura səviyyəsinin bir sıra ixtisaslaşmaları beynəlxalq akkreditasiyadan keçmişdir.
Fakültənin məzunlarına Bakı Dövlət Universiteti ilə yanaşı dünyanın qabaqcıl universitetlərinin ikili diplomlarının verilməsi istiqamətlərində aktiv işlər aparılır. Hal-hazırda fakültədə 7 kafedra, 5 elmi-tədqiqat laboratoriyası, 30 tədris laboratoriyası fəaliyyət göstərir.
"Ümumi və qeyri-üzvi kimya" kafedrasının elmi-tədqiqatlarının əsas istiqamətini müasir qeyri-üzvi materialşünaslığın, o cümlədən yarımkeçirici materialşünaslığın aktual problemləri təşkil edir. Kafedranın nəzdində “Qeyri-üzvi materialşünaslıq” elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir.
"Üzvi kimya" kafedrasında kimyanın müasir istiqamətləri, o cümlədən tərkibində kükürd, azot və oksigen atomları olan müxtəlif ölçülü heterotsiklik birləşmələrin, onların funksionaləvəzli törəmələrinin alınması və tətbiq sahələrinin öyrənilməsi istiqamətində geniş elmi-tədqiqat işləri aparılır.
"Analitik kimya" kafedrasının əsas elmi istiqamətini yeni üzvi reaktivlərin sintezi, quruluş və xassələrinin öyrənilməsi və onlardan istifadə etməklə metal ionlarının təyini üçün yüksək analitik xarakteristikalara malik yeni təyinat metodikalarının işlənilməsi təşkil edir.
"Fiziki və kolloid kimya" kafedrasının elmi istiqaməti kompleks xassələrə malik olan əhəmiyyətli birləşmələrin sintezi və onların fiziki-kimyəvi xassələrinin tədqiqidir.
"Neft kimyası və kimya texnologiyası" kafedrasında neft-kimya sahəsində əhəmiyyətli elmi-tədqiqat işləri aparılır. Kafedranın nəzdində “Alkenilfenollar kimyası” elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. "Yüksəkmolekullu birləşmələr kimyası" kafedrasında reaksiya qabiliyyətli polimerlərin sintezi və onlar əsasında praktiki faydalı məhsulların alınması sahəsində tədqiqat işlərinin nəticəsi olaraq müxtəlif istehsalat sularının ağır metalların ionlarından və zərərli üzvi birləşmələrdən (fenol və onun törəmələri) təmizlənməsi üçün sorbentlərin alınması, su səthində yayılan neft məhsulları təbəqəsinin toplanması üçün reagentlər, metal, keramika, şüşə və digər materialların yapışdırılması üçün yapışqan kompozisiyalarının hazırlanmasına aid elmi araşdırmalar aparılır. "Kimyanın tədrisi metodikası" kafedrasında kimyanın tədrisi metodikasının aktual problemləri sahəsində elmi-tədqiqat işləri aparılır. Kimya fakültəsinin professor-müəllim heyəti Azərbaycanda kimya elminin və sənayesinin inkişafına mühüm töhfələr verir və bu sahədə elmi-pedaqoji kadrların hazırlanmasında müstəsna rol oynayır. Fakültədə elmi varislik əlaqələrinin möhkəm təməl üzərində qurulması və inkişaf etdirilməsi bu sahənin daha da inkişaf etməsinə müsbət təsir göstərir.