“Qeyri-üzvi materialşünaslıq” elmi-tədqiqat laboratoriyası 1988-ci ildə təsis edilmişdir. Bu müddətdə laboratoriyaya 1988-1992-ci illərdə kimya elmləri doktoru, prof. T.M.İlyaslı, 1992-1995-ci illərdə k.e.n., dos. A.V. Eynullayev, 1995-2019-cu illərdə k.e.n., dos. M.R.Allazov rəhbərlik etmişlər.
Laboratoriyada fotohəssas, termoelektrik və maqnit xassəli yarımkeçirici materialların alınmasının elmi əsaslarının yaradılması sahəsində fundamental tədqiqat işləri aparılır. Yarımkeçiricilər kimyası və qeyri-üzvi materialşünaslıq ixtisasları üzrə gənc kadrlar hazırlanır.
Laboratoriyanın əməkdaşları əsasən p-, d-, f- elementlərin, xalkogenidlərin və xalkohalogenidlərin iştirakı ilə yeni fərdi fazalar, bərk məhlullar əmələ gətirən mürəkkəb yarımkeçirici sistemlərin öyrənilməsi və alınmış yeni fazaların maqnit, optiki, elektrofiziki və s. xassələrinin tədqiqi və həmçinin, yerli xammalın təkrar emalı, sənaye tullantılarının utilləşdirilməsi işləri ilə məşğul olur. Laboratoriya yarandığı gündən onun əməkdaşları tərəfindən 200-dən artıq sistem tədqiq edilmiş, faza diaqramları qurulmuşdur. Keçid elementlərinin iştirakı ilə 40-dan artıq üçlü sistemin likvidus səthinin proyeksiyası qurulmuşdur. Bu tədqiqatların nəticələri xarici və respublika jurnallarında dərc olunmuş 2500-dən artıq elmi məqalə, respublika və beynəlxalq əhəmiyyətli konfransların materiallarında işıq üzü görmüş 1500 tezisdə öz əksini tapmışdır. 40 patent və təqdim olunmuş ixtiralara müsbət rəy alınmışdır. Laboratoriyanın rəhbərliyi ilə “Fiziki-kimyəvi analiz və qeyri-üzvi materialşünaslıq” mövzusu üzrə 12 elmi konfrans keçirilmişdir.
Laboratoriya əməkdaşları Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Fizika İnstitutu, Azərbaycan Texniki Universiteti ilə sıx əməkdaşlıq edirlər. Laboratoriyanın əməkdaşları 2 beynəlxalq qrantda iştirak etmişdir.