ETL haqqında

“Zərif üzvi sintez” ETL-sı yüksək ixtisaslı kimyaçı kadrların hazırlanması işinin yaxşılaşdırılması və üzvi kimya sahəsində aparılan elmi-tədqiqat işlərinin mütəşəkkilliyinin təmin olunması məqsədilə 15 may 2000-ci ildə Bakı Dövlət Universitetinin P-49 nömrəli əmri ilə akademik A.M.Məhərrəmovun rəhbərliyi altında Təhsil Nazirliyinin müvafiq sərəncamına uyğun yaradılmışdır. Laboratoriya kimya fakültəsinin “Üzvi kimya” kafedrasının nəzdində fəaliyyət göstərir. Laboratoriyaya AMEA-nın akademiki A.M.Məhərrəmov rəhbərlik edir.

Laboratoriyada aparılan elmi-tədqiqaqtlar üzvi kimyanın müxtəlif aktual problemlərini əhatə edir. Əsas istiqamət faydalı xassə göstərən yeni birləşmələrin (bioloji və sənaye əhəmiyyətli) sintezi və məlum faydalı birləşmələrin daha səmərəli alınma üsulunun tədqiqidir.

“Zərif üzvi sintez” ETL faktiki olaraq bir mərkəz kimi fəaliyyət göstərir və özündə 7 laboratoriyanı birləşdirir. ETL-nın maddi texniki bazasına, həmçinin, müxtəlif reagentlər, həlledicilər, üzvi kimyəvi birləşmələr, onların metal kompleksləri, sərfiyyat materialları, elmi-texniki avadanlıq və cihazlar daxildir. ETL-nin bazası mütəmadi olaraq müxtəlif mənbələr hesabına (Universitet büdcəsinin, Respublika və Xarici qrantların dəstəyilə) ən müasir cihaz və avadanlıqlarla yenilənir. Son illər əldə edilən cihazlar.  ETL-də aparılan elmi-tədqiqat işlərində “Üzvi kimya” kafedrasının və digər qurumların müasir texniki imkanlarından istifadə edilir. 

Bundan başqa, “Zərif üzvi sintez” ETL-nın elmi əlaqələrindən faydalanaraq aşağıdakı elm-təhsil ocaqlarının müvafiq qurumlarının bazasından istifadə edilir və orda calışan alimlərlə birgə elmi-tədqiqat işləri aparılır. Onlardan bəziləri aşağıda göstərilmişdir:

Moskva Dövlət Universiteti, Rusiya
Rusiya Xalqlar Dostluğu Universiteti, Rusiya
Sankt - Peterburq Universiteti, Rusiya
Kazan Mill Texnoloji Tədqiqat Universiteti, Rusiya
Moskva Zərif Kimya Texnologiyası Universiteti, Rusiya
Orta Şərq Texniki Universiteti, Türkiyə
Üzvi Kimya İnstitutu , Ukrayna
Xarkov “Monokristal” Elm-İstehsalat Kompleksi, Ukrayna
Azad İslam Universiteti, İran
Zəncan Universiteti, İran
A.N.Nesmeyanov adına Elementüzvi Birləşmələr İnstitutu, Rusiya
Lissabon Texniki Universiteti, Portuqaliya
Kordoba Universiteti, İspaniya
Mançester Metropoliten Universiteti, Böyük Britaniya
Malaya Universiteti, Malaziya
Sohag Universiteti, Misir
Oldenburq Universiteti, Almaniya
Azərbaycan Tibb Universiteti, Azərbaycan                                                                        

“Zərif üzvi sintez” ETL-da bir neçə istiqamətləкdə elmi tədqiqatlar aparılır. Bu istiqamətlər haqqında aşağıda geniş məlumat verilmişdir. Laboratoriyada yerinə yetirilən elmi-tədqiqat işlərində «Üzvi kimya» k­a­fed­rasının doktorantları, aspirantları, magistrantları və buraxılış işləri üzərində çalışan tələbələr iştirak etmişdir.

İSTİQAMƏT: Zərif üzvi sintez

PROBLEM: Praktiki əhəmiyyətli birləşmələrin sintezi və xassələri

MÖVZU: Metilen aktiv substratlar və aminli birləşmələr əsasında funksionaləvəzli birləşmələrin sintezi, quruluşu və xassələri

İŞ 1: Polyarlaşmiş ikiqat rabitə saxlayan substratlar və metilenaktiv birləşmələr əsasinda bioloji aktiv maddələrin sintezi

Mərhələ 3. Alınmış birləşmələrin quruluşunun NMR və X-Ray vasitəsi ilə analizi

Mövzunun aktuallığı: Polyarlaşmış ikiqat rabitə saxlayan birləşmələr olan müxtəlif tip benziledenmalononitrillər çoxkomponentli reaksiyalarda sinton birləşmələr kimi is­tifadə olunur. Əvvəlki tədqiqat işlərimizdə əlverşli üsulla sintez etdiyimiz ben­zili­den­­malononitrillər əsasında əvəzlənmiş piridin, piran, piranopiridin, piridopirimidin tö­rəmələri sintez edilmişdir. Ədəbiyyat məlumatlarının araş­dırıl­ma­sında piridin və pi­ran törəmələrinin antimikrobial, antimykobakterial, antimalyarial, antikanser, si­to­to­k­sik, antidiabetik və s kimi qiymətli bioloji aktivliklərin və antioksidant xassələrinin araşdırılmasına dair tədqiqat işləri mövcuddur. Həmçinin sintez edilmiş bu funk­sio­nal­əvəzli bir­ləşmələrin tərkibində azot atomu olduğundan reaksiyalarda üzvi ka­ta­li­za­tor kimi də istifadə olunur.

Mövzunun məqsədi: Bu tədqiqat işimizdə polyarlaşmış ikiqat rabitəli birləşmələr kimi əvəzlənmiş feniletilidenmalononitrillər götürülmüşdür. Sintez edilmiş fenil­etili­den­malononitrillər kristallik olmadığına görə asanlıqla ayırmaq olmur. Ona görə də bu birləşmələrin yerindəcə (in situ) etanol-su mühitində, piperazin hidrat iştirakında, otaq temperaturunda asetoasetanilid və malononitril ilə qarşılıqlı təsir reak­si­ya­sın­dan əvəzlənmiş tetrahidroizoquinolin törəmələrinin əmələ gəldiyi aşkar edilmişdir. Müəy­yən­ləş­di­ril­mişdir ki, bu reaksiyada aromatik ketonlar istifadə edil­mədikdə, əvəz­­lənmiş heksa­hid­­ro­izo­quinolin törəmələri əmələ gəlir. Sintez edil­miş bu izo­qui­no­lin törəmələrinin quruluşu NMR eksperimentləri və X-Ray analizinin köməyil təsdiq edilmişdir.

İş 2. Azotlu nukleofillərin yan zəncirdə ikiqat rabitə saxlayan benzol törəmələri və onların halogenləşmə məhsulları ilə qarşılıqlı təsiri əsasında yeni funsionaləvəzli birləşmələrin sintezi və xassələrinin tədqiqi.

Mərhələ 3. Fenazin əsaslı molekulyar açarların dizaynı və sintezi.

Mövzunun aktuallığı: İki və daha çox stabil vəziyyət arasında keçid edə bilən molekullar molekulyar açar rolunu oynaya bilir. Bu keçid bir qayda olaraq ətraf mühitin müxtəlif stimullarının, məsələn, pH dəyişməsinə, işığa, temperatura, elektrik cərəyanına, müxtəlif ion və liqandların təsiri, bəzi hallarda isə onların kombinativ təsiri nəsticəsində baş verir. Sintetik molekulyar açarların ən klassik növü mühitin pH-nın dəyişməsi nəticəsində rəngini dəyişən indikatorlardır.

Üzvi kimya özünün inkişafının müasir ən yüksək mərhələsində keyfiyyətcə yeni bir fazaya daxil olaraq molekulyar səviyyədə yeni intellektual sistemlərin işlənib hazırlanması problemləri ilə məşğul olur. Müasir dövrdə molekulyar açarlar daha geniş tətbiq sahəsi taparaq molekulyar kompyuterlərin, molekulyar maşınların və molekulyar səviyyədə dərman daşınma sistemlərinin işlənib hazırlanmasında istifadə edilir. Təsadüfi deyildir ki, bu sahədəki əvəzsiz xidmətlərinə görə 2016-cı ildə D.F.Stoddart, Jan-Pyer Sovaj və B.L.Ferinq Nobel mükafatına layiq görülmüşdür.

Mövzunun məqsədi: Təqdim edilən hesabatda molekulyar açarların açdığı yeni imkanları nəzərə alaraq fenazin-1,6-dikarboksamidlər əsasında redoks-həssas molekulyar açarların sintezi nəzərdən keçirilib. Fenazin fraqmentinin reduksiyası onu hidrogen rabitəsi akseptorundan donoruna keçirir ki, bu molekulun amid fraqmentlərini öz oxu ətrafında 180 dərəcə dönməyə məcbur edir. Bu çür fenazin-1,6-dikarboksamid bloklarından təşkil olunan foldamerlərin açılıb yığılma xüsusiyyətləri nümayiş etdirməsi labüddür ki, bu da tərəfimizdən işlənib hazırlanan molekulyar əzələ konsepsiyasının əsasını təşkil edir. Təqdim edilən bölmədə bu istiqamətdə apardığımız tədqiqatların ilkin nəticələri müzakirə edilir.

İŞ 3. Katalitik olefinləşmə şəraitində müxtəlif fenilhidrazonların metanhalogenidlərlə reaksiyaları

Mərhələ 3. Dihalogendiazadienlərin üzvi sintezdə əlverişli sintonlar kimi tətbiqi

Mövzunun aktuallığı: Katalitik olefinləşmə reaksiyası şəraitində müvafiq dixlordiazadienlər sintez edilmişdir. Sintez edilmiş birləşmələrin bəzilərinin azoboyalar kimi tədqiqi araşdırılmış və müsbət nəticələr əldə edilmişdir. Bundan savayı, həmin birləşmələr Bader nəzəriyyəsi (QTAIM metodu) çərçivəsində DFT hesablamaları və elektron sıxlığı paylanmasının topoloji təhlili ilə öyrənilmişdir. Sintez edilmiş birləşmələrin Hirşfeld Səth araşdırmaları aparılmış və yüksək nəticələr əldə edilmişdir. Dixlordiazdienlərin zərif-üzvi sintez baxımından əlverişli sintonlar olması da nəzərə alınmış və müvafiq triazol törəmələri sintez edilmişdir.

Mövzunun məqsədi: Zərif üzvi sintez baxımından əlverişli sintonlar sayılan dixlordiazadienlərin sintezi, onların quruluşlarının müasir fiziki tədqiqat metodları (NMR, X-Ray) vasitəsi ilə müəyyən edilməsi, bəzi birləşmələrin ilkin modelləşdirilməsində DFT kompyüter kvant-mexaniki hesablama metodundan istifadə edilməsi və fizioloji aktiv maddələr hesab edilən triazolların sintezi işin əsas məqsədləridir.

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 379-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 5390559 / (+99412) 5390953 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2024
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət