Kimya fakültəsində yüksək ixtisaslı kadr hazırlığı üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu ilə hərtərəfli əməkdaşlıq edilir. Xüsusi ilə qeyd eləmək lazımdır ki, 1943-cü ildə Yusif Məmmədəliyevin təşəbbüsü ilə Kimya fakültəsində Neft kimyası (hazırda Neft kimyası və kimya texnologiyası) kafedrası yaradılması bu institutla əlaqələrin yaranmasına və inkişafina səbəb olmuşdur. Akademik Y. Məmmədəliyevin Neft kimyası və kimya texnologiyası kafedrasına rəhbərlik etdiyi müddətdə benzolun piroliz qazları ilə alkilləşməsi istiqamətində qiymətli elmi-tədqiqat işləri aparılmış və yüksək keyfiyyətli aviabenzin alınmışdır. Fakültənin yaxın tarixində aparılan elmi-tədqiqat işlərinin nəticəsi olaraq yeni nəsil doymamış fenol-formaldehid oliqomerləri alınmış və istehsalı Neft-Kimya Prosesləri İnstitutunun nəzdində olan Təcrübi-İstehsalat Zavodunda həyata keçirilmişdir.
Fakültəmizin bakalavriatura və magistratura səviyyəsində təhsil alan tələbələri Neft-Kimya Prosesləri İnstitutunun müvafiq şöbə və elmi tədqiqat laboratoriyalarında istehsalat təcrübələri keçirlər. Buraxılış və magistr dissertasiyalarının yerinə yetirilməsində institutun maddi-texniki bazasından istifadə edir, təcrübə mübadiləsi aparırlar.
Akademik Y. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aparıcı alimləri fakültədə yerinə yetirilən dissertasiya işlərinin ilkin müzakirələrində iştirak və oponentlik edirlər. İnstitutun aparıcı mütəxəssisləri müxtəlif illərdə bakalavriat üzrə Dövlət Attestasiya Komissiyasının işində yaxından iştirak edirlər. Fakültəmizi müxtəlif illərdə bitirən məzunlarımız hal-hazırda həmin institutda fəaliyyət göstərən elmi-tədqiqat laboratoriyalarında və şöbələrdə müxtəlif vəzifələrdə çalışırlar.