"Metalkompleks katalizatorları" elmi-tədqiqat laboratoriyası 1989-cu ildə təşkil edilmişdir və hal-hazırda “Yüksəkmolekullu birləşmələr kimyası” kafedrasının nəzdində fəalliyət göstərir. Laboratoriyanın fəaliyyəti yüksək seçiciliyə malik olan effektiv nanohissəcikli bimetallik katalizatorların hazırlanması və polimerlər əsasında sorbentlərin sintezinin elmi əsaslarının inkişafı istiqamətində aparılır. Laboratoriyada fundamental və praktiki əhəmiyyətli işlər həyata keçirilir.
Laboratoriyanın əsas istiqaməti neft emalı, neft kimyası və üzvi sintez prosessləri üçün keçid və nadir torpaq metalların nanohissəciklərilə modifikasiya olunmuş və ZSM-5 tipli seolitlər əsasında katalizatorların hazırlanmasıdır. Bununla yanaşı laboratoriyada keçid metalları, onların sulfidləri, hidroperoksidləri əsasında nanoquruluşlu katalizatorların və nanokompozitlərin sintezi və tədqiqatı istiqamətində də işlər aparılır. Alınmış nanokompozitlərin müxtəlif elementlərlə aşqarlanması, termiki tavlanması və modifikasiyası hesabına perspektivli strukturlar sintez olunur və fiziki-kimyəvi tədqiqat metodları ilə analiz edilir.
Laboratoriya işçilərinin əldə etdikləri elmi nəticələr respublika və beynəlxalq səviyyəli konfranslarda təqdim olunub və “Web of Science” “Scopus” və “Emerging Sources Citation Index” indeksləşmə bazalarına aid olan jurnallarda (Macromolecular Reaction Engineering, Bioengineering, Journal of Cluster Science, Petroleum Chemistry, Bulletin of Chemical Reaction Engineering & Catalysis) dərc olunub.
Son 2015-2025 illərdə laboratoriya işçilərinin tərəfindən görülmüş işlər əsasında aşağıda qeyd olunan elmi əsərlər çap olunub: patent -1, respublikada dərc olunmuş məqalə - 33, respublikada dərc olunmuş tezis – 110, xaricdə dərc olunmuş məqalə - 61, xaricdə dərc olunmuş tezis – 74 əd. O cümlədən, 2023-2024 illər ərzində Web of Science elmmetrik bazaya daxil olmuş məqalələrin ümumi sayı 16 olmuş (Q2-5, Q3-2, Q4-9)
Hal-hazırda laboratoriyada az enerji tutumlu və ekolojı təmiz proseslərin aparılması üçün effektiv katalizatorların sintezi istiqamətində elmi-tədqiqat işləri davam etdirilir.