Kimya fakültəsi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə sıx əməkdaşlıq edir. Fakültənin «Yüksəkmolekullu birləşmələr kimyası» və ADNSU-nun Kimya-texnologiya fakültəsi «Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası» kafedralarının əməkdaşları 30 ildən artıqdır ki, birgə elmi-tədqiqat işləri aparırlar. Əldə olunmuş nəticələr elmi məqalə və patentlərdə öz əksini tapmışdır. Əməkdaşların pilot qurğularında birgə işləyib hazırladıqları şin nümunələri müxtəlif sərgilərdə nümayiş etdirilmiş, uyğun nəticələr Rusiya Federasiyası Moskva şəhərində keçirilən Beynəlxalq müsabiqələrin qalibi olmuşdur. Kimya fakültəsi və ADNSU-nun kimya-texnologiya fakültəsində bakalavriat və magistratura səviyyələrində eyni ixtisaslar üzrə kadrların hazırlanması göstərilən strukturlar arasındakı sıx əməkdaşlığı daim zəruri edir. Hazırlanan dərslik, dərs vəsaiti, metodik vəsait və fənn proqramlarına rəy verilir və fikir mübadiləsi aparılır. Kafedraların professor-müəllim heyəti uzun illərdir ki, ixtisaslaşmış Dissertasiya Şurasının fəaliyyətində birgə çalışırlar, dissertasiyalara opponentlik edirlər. Fakültəmizi müxtəlif illərdə bitirən məzunlarımız hal-hazırda ADNSU-da fəaliyyət göstərən kafedra, elmi-tədqiqat laboratoriyaları və şöbələrdə müxtəlif vəzifələrdə çalışırlar.