Analitik kimya kafedrası 1935-cü ildə Kimya fakültəsinin “Ümumi və qeyri-üzvi kimya” kafedrasının bazasında yaradılmış və kafedraya ilk olaraq dosent Məmmədəmin Hacıəhməd oğlu Əfəndi rəhbərlik etmişdir. M.H.Əfəndi 1934-1937-ci illərdə həmdə Kimya fakültəsinin ilk dekanı vəzifəsində çalışmışdır.
1937-1941-ci illərdə kafedraya prof. Vsevolod Fyodoroviç Neqreyev rəhbərlik etmişdir. Prof. V.F.Neqreyev korroziya sahəsində Azərbaycanda tanınmış alim olmuşdur.
1941-ci ildən 1979-cu ilə kimi kafedraya professor Murtuza Qasım oğlu Əhmədli rəhbərlik etmişdir. Həmin illərdə kafedranın elmi istiqaməti yeni üzvi reagentlərin sintezi və onların qeyri-üzvi ionların analizində tətbiqi ilə yanaşı, məlum üzvi reaktivlərin analitik imkanlarının artırılmasından ibarət olmuşdur. Bu illər ərzində kafedrada Cəlal Həsənov, Qeybulla Abbasov, Cümşüd Əfəndiyev, Ənvər Bəşirov, Rəfiqə Əliyeva, Dəmir Qəmbərov, Polina Qranovskaya,Tuba Abdullayeva, Ərəstun Məlikov, Səltənət Əzimova, Asiyə Talıbova, Aliyə Qafarova, Abuəli Hüseynov, Fəridə Ruvinova, Fəridə Aslanova, Rəfael Rzayev, Şahbala Əliyev, Suraxanım Məmmədova, Kütəvvər İmanova, Sofa Bratzik, Ülkər Babaxanova və Zülfiyyə Babayeva çalışmışlar. Kafedranın əməkdaşları tərəfindən kompleks əmələgəlmə reaksiyaları daha da təkmilləşdirilmiş və üçkomponentli sistemlər tədqiq edilərək fotometrik analiz metodunda həssaslıq və seçiciliyin artırılma imkanları araşdırılmışdır.
Keçən əsrin 60-cı illərindən kafedraya yüksək elmi potensiala malik gənclər işə götürülmüş və aspiranturaya qəbul edilmişdir. Həmin illərdən başlayaraq “Analitik kimya” kafedrasında elmi-tədqiqat işləri inkişaf mərhələsinə qədəm qoymuşdur. Həmin dövrdən başlayaraq keçid metalları və nadir torpaq elementlərinin binar və qarışıqliqandlı kompleks birləşmələrinin fotometrik və ekstraksiyalı-fotometrik tədqiqinə həsr edilmiş genişmiqyaslı elmi-tədqiqat işləri yerinə yetirilmişdir. Bu illər ərzində kafedrada 18 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycanda fotometrik analiz metodunun yaradılması və inkişafı məhz BDU-nun “Analitik kimya” kafedrası ilə bağlıdır.
Kafedranın əməkdaşları keçmiş SSRİ-nin bir sıra elmi-tədris müəssisələri, eləcə də akademiklər İ.P.Alimarin, Y.A.Zolotov, İ.V.Tananayev, A.K.Babko, İ.M.Korenman və s. görkəmli alimlərlə sıx elmi əməkdaşlıq edərək Respublikada analitik kimyanın inkişafına və kimyaçı alimlərin yetişməsinə köməklik göstərmiş və onlara rəhbərlik etmişlər. Məhz həmin dövrdə M.Q.Əhmədlinin müəllifi olduğu “Vəsfi kimyəvi analiz” adlı dərslik çap edilmişdir.
1979-cu ildən 2006-cı ilə kimi kafedraya professor Dəmir Heydər oğlu Qəmbərov rəhbərlik etmişdir. Həmin dövrdə kafedrada piroqallol əsasında yeni sinif üzvi reaktivlərin sintez metodikası işlənib hazırlanmış və onların ədəbiyyatda məlum olan azobirləşmələrlə müqayisədə daha yüksək analitik göstəricilərə malik olduğu müəyyən edilmişdir. Bu sinif reaktivlərdən bir sıra metal ionlarının fotometrik, ekstraksiyalı-fotometrik, ekstraksiyalı-atomabsorbsion təyini üçün tətbiq edilmişdir. Həmin illərdə “Üzvi kimya” kafedrasında asetilaseton əsasında sintez edilmiş üzvi reaktivlər kafedrada geniş tədqiq edilmiş və analitik imkanları öyrənilmişdir. Eləcə də “Yüksək molekullu birləşmələr” kafedrasının əməkdaşları ilə birlikdə elmi-tətqiqat işləri aparılmış, həmin kafedrada sintez edilmiş sorbentlərdən istifadə edilməklə uranil ionunun qatılaşdırılması üçün yeni metodika hazırlanmışdır. Bu metodika sənaye miqyasında öz tətbiqini tapmışdır. Piroqallol əsasında sintez edilmiş azobirləşmələrdən istifadə etməklə molibden ionunun təyini üçün fotometrik metodika işlənilmiş və həmin metodika çay suyunda molibdenin qatılığını təyin etmək üçün tətbiq edilmişdir.
Həmin dövrdə kafedrada Moskva Təcrübi Metal zavodu ilə bağlanılmış təsərrüfat müqaviləsinə əsasən ərintilərdə metalların miqdarının təyininə həsr edilmiş tədqiqat işləri yerinə yetirilmişdir. Piroqallol əsasında sintez edilmiş üç azobirləşmə Moskva şəhərində Boykov adına kimyəvi reagentlər zavodunda sintez edilmiş və satışa buraxılmışdır. Bu reaktivlər hazırda da bir çox metal ionlarının təyini üçün tətbiq edilir.
2006-cı ildən kafedraya professor Famil Musa oğlu Çıraqov rəhbərlik edir. Hal-Hazırda kafedrada dosentlər Rizvan Abdullayev, Gülşən Muğalova, Polad Məmmədov, müəllimlər Fərqanə Xəlilova, Minayə Məmmədova, Fidan Bəhmənova, k.e.n. Ülviyyə Güllərli, laborant heyəti olaraq Məmməd Məmmədov, Fəridə Aslanova, Lalə Babayeva, Nərmin Əfəndiyeva, Esmira Eyyubova çalışırlar.
Kafedrada Vyetnam, Suriya, Əlcəzair və Misir Respublikaları üçün analitik kimya ixtisası üzrə mütəxəssislər yetişdirilmişdir. Müxtəlif illərdə kafedrada Rəfiqə Əliyeva, Almara Əyyubova, Ərəstun Məlikov, Ənvər Bəşirov, Polina Qranovskaya, Tuba Abdullayeva, Əhməd Babayev, Rəhim Süleymanov, Abuəli Hüseynov, Sərdar Quliyev, Səltənət Əzimova, Asiyə Talıbova, İbad İbadov, Mehriban Sadıqova, Suraxanım Məmmədova, Nüşabə Xəlilova, Zərifə Vəliyeva, Rəfael Rzayev, Rəhimə Mahmudova, Mehriban Qayıbova, Zülfiyyə Babayeva, Arif Sadıqov, Güllü Güllərli, Rəna Nemətova, Zemfira Əsədova, Zöhrə Adıgözəlova və Maral Abbasova çalışmışdır.
Akademik R.Ə. Əliyevanın rəhbərliyi altında 2002-ci ildən əsası əvvəldən qoyulmuş elmi istiqamətləri davam etdirməklə yanaşı, yeni istiqamətlərdə elmi tədqiqat işləri aparılmışdır. Kafedrada hazırda β-diketonlar əsasında yeni azobirləşmələrin sintezi və onların metallarla əmələ gətirdiyi kompleks birləşmələrin tədqiqi; malein anhidridi və stirol əsasında yeni sintetik sorbentlərin sintezi; müxtəlif liqandlı kompleks birləşmələrin tədqiqi və analitik tətbiqi; müxtəlifliqandlı kompleks birləşmələrin tədqiqində üçüncü komponentlərinin seçilmə prinsipinin müəyyən edilməsi və komplekslərin kristal quruluşu ilə analitik xassələri arasında əlaqə istiqamətlərində elmi tədqiqat işləri aparmağa başlanılıb.
Qeyd etmək lazımdır ki, BDU-da “Rentgen quruluş analiz” laboratoriyası yaradıldıqdan sonra kafedrada üzvi reagentlərin və kompleks birləşmələrin quruluşunun öyrənilməsinə dair geniş elmi tədqiqat işləri aparılır. Bu illər ərzində göstərilən elmi istiqamətlər üzrə kafedra əməkdaşlarının rəhbərliyi altında 2 doktorluq və 20-dən çox analitik kimya elmləri üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə olunmuşdur. Hazırda 6 doktorant və 7 dissertant kafedranın elmi istiqamətinə uyğun elmi tədqiqat işləri aparır. Qeyd etmək lazımdır ki, 1999-cu ildən başlayaraq hər üç ildən bir olmaqla “Analitik kimya” kafedrasında “Koordinasion birləşmələr“ Respublika, son illərdə isə Beynəlxalq konfranslar təşkil olunur.
Bu illər ərzində kafedrada İran, Misir, Gürcüstan Respublikaları və Respublikamızın ali məktəbləri üzrə “Analitik kimya” ixtisası üzrə kimyaçı mütəxəssislər yetişdirilmişdir və hal-hazırda bu istiqamətdə işlər aparılır.
Hazırda analitik kimya fənni Kimya və Biologiya fakültələrində tədris olunur. Kafedranın nəzdində “Analitik kimya” və “Kimyəvi ekpertiza”, “Gömrük ekpertizası” ixtisaslaşmaları üzrə magistrlar hazırlanır. Prof. F.M.Çıraqov Gürcüstan Kimya jurnalının redaksiya heyətinin üzvüdür və Analitik kimyaçıların beynəlxalq konfransının təşkilat komitəsinin üzvü seçilmişdir. Kafedranın əməkdaşları tərəfindən akademik Zolotovun redaktorluğu ilə Moskva Dövlət Universitetinin nəşr olunmuş iki hissəli “Analitik kimyanın əsasları” adlı dərs vəsaiti, eləcədə “Analitik kimyadan məsələ və çalışmalar” kitabı azərbaycan dilinə tərcümə olunaraq nəşr edilmişdir. Kafedrada “Analitik kimyadan ingilis, rus və azərbaycan terminlər lügəti” çap edilmişdir. “Analitik kimya -1”, “Atom absorbsion spektroskopiya”, “Elektrokimyəvi analiz metodları”, “Qatılaşma və ayrılma”, “Nümunə çəkisinin götürülməsi və analizi” adlı dərsliklər nəşr edilmişdir.