Ümumi və qeyri-üzvi kimya kafedrasının tarixi

Ümumi və qeyri-üzvi kimya kafedrası ilk kafedra olaraq 1919-cu ildə Tibb fakültəsi nəzdində yaradılmışdır. 1934-cü ildə isə Kimya fakültəsi bu kafedranın bazasında təşkil edilmişdir. Həmin dövrdə kafedranın cəmi 3 əməkdaşı olmuşdur.

Kafedra nəzdində 1988-ci ildən «Qeyri-üzvi materialşünaslıq» elmi-təqiqat laboratoriyası fəaliyyət göstərir. Hazırda isə ETL ilə birlikdə 43 əməkdaş, o cümlədən 4 professor, 4 dosent, 2 baş müəllim və 4 müəllim çalışır.

Kafedranın ilk müdiri Pyotr İvanoviç Kuznetsov olmuşdur. 1936-cı ildə onu professor Sadıq Cavad oğlu Hüseynov əvəz etmişdir. Universitetdə “Qeyri-üzvi kimya” sahəsində ilk elmi işləri də professor Sadıq Cavad oğlu Hüseynov başlatmışdır. Kafedraya  1952-1957-ci illərdə professor Ağarəfi Hilal oğlu Ağayev, 1957-1982-ci illərdə isə AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, Cümşüd İsmayıl oğlu Zülfüqarlı  rəhbərlik etmişdir. Onun rəhbərliyi altında Azərbaycan neftlərinin tərkibində mikroelementlərin öyrənilməsi sahəsində tədqiqatlar aparılmış, “Qeyri-üzvi kimyanın terminləri”, “Qeyri-üzvi kimyadan praktiki işlər” kitabları yazılmış və bir sıra dərsliklər Azərbaycan dilinə tərcümə edilmişdir.

Kafedraya 1983-1989-cu illərdə “Qeyri-üzvi maddələrin kimyası və texnalogiyası” sahəsində tanınmış alim, AMEA-nın müxbir üzvü  Paşa Həbib oğlu Rüstəmov, 1989-1993-cü illərdə k.e.d., professor Sərdar Məhəmməd oğlu Hacıyev, 1994-2005-ci illərdə k.e.d., professor Məhəmməd Baba oğlu Babanlı, 2005-2022-ci illərdə isə k.e.d., professor, Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvi Teymur Məmməd oğlu İlyaslı rəhbərlik etmişdir. 2022-ci ildən kafedraya k.e.d., professor Yasin İsa oğlu Cəfərov rəhbərlik edir.

Kafedranın elmi-tədqiqatlarının əsas istiqamətini müasir qeyri-üzvi materialşünaslığın, o cümlədən yarımkeçirici materialşünaslığın aktual problemləri təşkil edir.

Üçkomponentli və daha mürəkkəb xalkogenidli sistemlərin fiziki-kimyəvi analizinin ənənəvi üsulları sırasına elektrik hərəkət qüvvəsi üsulunu daxil etməklə, onların faza tarazlığının və termodinamik xassələrinin kompleks tədqiqinin əsası qoyulmuşdur. Mürəkkəb tərkibli fazaların inteqral termodinamik funksiyalarının hesablanması üçün ciddi termodinamik üsul işlənib hazırlanmışdır (prof. M.B.Babanlı). Bu istiqamətdə aparılan tədqiqatlar nəticəsində bir doktorluq və 15 namizədlik dissertasiyası müdafiə edilmişdir.

Kafedrada nadir torpaq elementlərinin iştirakı ilə yeni yarımkeçirici xalkogenidli şüşələrin, yeni tip birləşmələrin sintezi və tədqiqi sahəsində sistematik tədqiqatlar aparılır (prof. T.M.İlyaslı). Bu tədqiqatlar nəticəsində elektron sənayesi üçün yeni “Vidikon” tipli verici televiziya boruları hazırlanmışdır. Bu sahədə kimya üzrə 6 fəlsəfə doktoru müdafiə etmişdir. Nadir torpaq elementlərinin xalkogenidləri əsasında termoelektrik və maqnit materiallarının alınmasının elmi əsasları işlənib hazırlanmışdır (prof. F.M. Sadıqov və k.e.n., M. R. Allazov). II A qrupu və III A qrupu xalkogenidləri əsasında yeni birləşmələr sintez edilmiş və xassələri öyrənilmişdir (N.İ.Yaqubov). Son illərdə kafedrada, Respublikanın  qeyri-üzvi xammallarından və sənaye tullantılarından yeni qiymətli maddələrin alınması və kimyəvi ekologiya sahəsində elmi-tədqiqat işlərinə xüsusi diqqət yetirilir. Kafedra əməkdaşları görülən işlər nəticəsində Azərbaycan Respublikasının 15 Patentini almışlar.

Kafedra əməkdaşları Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Fizika İnstitutu, Radiasiya Problemləri İnstitutu, həmçinin M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Lvov Dövlət Universiteti, Mendeleyev adına Moskva Kimya Texnologiya İnstitutu, Voronej Universiteti, Rusiya EA ÜQÜK İnstitutu, Baykov adına Metallurgiya İnstitutu, Ukraynanın Materialşünaslığın problemləri elmi-tədqiqat İnstitutu, Pardubise Kimya-Texnologiya İnstitutu, Almaniyanın Ştuttqart Universiteti, Türkiyənin Qars Qafqaz Universiteti, Fransanın Monpelye Universiteti ilə sıx elmi əlaqələr saxlayırlar Kafedranın Moskva Dövlət Universiteti, İsveç və İsveçrə alimləri ilə birgə hazırladığı elmi-tədqiqat layihəsi müvəffəqiyyətlə beynəlxalq müsabiqədən keçmişdir və INTAS proqramı, Milli Elmlər Fondu proqramı üzrə maliyyələşdirilmişdir.

Kafedrada son illər ərzində 30-dan artıq dərslik və dərs vəsaiti, 500-dən çox elmi məqalə dərc edilmişdir. Kafedra əməkdaşları 30-dan çox Beynəlxalq simpozium və konfranslarda iştirak etmişlər.

 

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 379-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 5390559 / (+99412) 5390953 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2024
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət