Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının tarixi

Yüksəkmolekullu birləşmələr kimyası kafedrası 1964-cü ildə Kimya fakültəsində təşkil edildi və “Üzvi kimya” kafedrasının professoru kimya elmləri doktoru M.Ə.İsgəndərov kafedra müdiri təyin edildi. 2019-cu ildən kafedraya professor Rasim Alosmanov rəhbərlik edir.

Z.Ə.Sadıxov, O.H.Əkbərov və A.B.Abdinova kafedranın ilk müəllimləri oldular. 1965-ci ildən etibarən ömrünün sonuna qədər (1983) kafedraya Z.Ə.Sadıxov rəhbərlik etmişdir. Dosent A.B.Abdinova təqaüdə çıxana qədər (2012) kafedrada işləmişdı. Prof. O.H.Əkbərov isə uzun illər rəhbərlik etdiyi kafedrada hal-hazırda da professor kimi fəaliyyət göstərir. A.M.Abdullayev və S.Ə.Qəmbərova kafedranın ilk aspirantları olmuşdular. Aspiranturanı bitir­dik­dən sonra S.Ə.Qəmbərova kafedrada müəllim kimi fəaliyyətə başlamışdı. Dosent S.Ə.Qəmbərova ömrünün sonuna qədər kafedrada çalışmışdı. Kafedranın ilk məzunları (sonra isə aspirant, dosent və professor olmuşdular) T.H.Xanlarov, F.M.Əliyev, E.Ə.Cəfərova (Abdullayeva), S.R.Quliyeva (Qafarova) və A.Ə.Əzizov idilər.

“Yüksəkmolekullu birləşmələr kimyası” kafedrası yaradıldıqdan sonra bu kafedrada ümumi kurs ilə yanaşı, Polimerlərin fiziki kimyası, Polimerlərin kimyəvi modifikasiyası, Poli­mer­lərin sintezi, Polimerlərin analizi kimi xüsusi kurslar da tədris olunmağa başlamışdı. 70-ci illərdə kafedrada diplom işini yerinə yetirmiş bir çox məzunlar sonralar məşhur alim olmuş və elmi-tədqiqat, təhsil sahəsində rəhbər vəzifələr tutmuşdular. Məsələn, prof. A.Ə.Əzizov (1973-cü il məzunu) – BDU Kimya fakültəsinin dekanı; AMEA-nın müxbir üzvü, prof. H.C.İbrahimov (1973-cü il məzunu) – Neft-Kimya Prosesləri İnstitutunun direktor müavini; AMEA-nın müxbir üzvü, prof. B.Ə.Məmmədov (1972-ci il məzunu) – AMEA-nın Polimer Materialları İnstitutunun direktoru; AMEA-nın müxbir üzvü, prof. T.Ə.Əliyev (1973-cü il məzunu) – NDU-da kafedra müdiri vəzifəsində çalışmışdı; prof. E.I.Məmmədov (1970-ci il məzunu) – GDU-nun rektoru olmuşdu.

Yarandığı ilk dövrlərdə kafedrada əsasən polimerlərin sintezi, sənaye polimerləri və birgə polimerlərin destruksiyası sahəsində elmi-tədqiqat işləri aparılırdı. Bu sahələrdə namizədlik və doktorluq dissertasiyaları müdafiə edildi. Sonralar kafedranın professor-müəllim heyəti tərəfindən Moskva şəhərinin bir sıra universitet və elmi-tədqiqat institutları ilə əlaqələr quruldu (Lomonosov adına Moskva Dövlət Universiteti, Rusiya Elmlər Akademiyasının Topçiyev adına Neft-Kimyəvi Sintez İnstitutu, Lomonosov adına Zərif Kimya Texnologiyası İnstitutu, Rusiya Elmlər Akademiyasının N.N. Semenov adına Kimyəvi Fizika İnstitutu). Nəticədə kafedrada həmin dövrün yeni, aktual elmi istiqamətlərindən hesab olunan polimer sorbentlərinin sintezi, polimerlərin kimyəvi modifikasiyası kimi sahələrdə elmi-tədqiqat işləri aparılmağa başladı.

1984-cü ildən kafedraya kimya elmləri doktoru, prof. V.M.Əhmədov rəhbərlik etmişdi (1984-1988-ci illərdə “Yüksəkmolekullu birləşmələr kimyası” kafedrası “Neft kimyası və texnologiyası” kafedrası ilə birləşdirilmişdi). O dövrdə kafedrada metal-kompleks katalizatorlarının iştirakı ilə müxtəlif proseslərin, o cümlədən oligomerləşmə və polimerləşmə reaksiyaları istiqamətində tədqiqatlar başlamışdı. 1989-cu ildə bu tədqiqatlar nəticəsində kafedrada hal-hazırda da fəaliyyət göstərən "Metal-kompleks katalizatorları" elmi-tədqiqat laboratoriyası yaradıldı.

1994-cü ildən 2019-cu ilədək kafedraya kimya elmləri doktoru, prof. O.H.Əkbərov rəhbərlik etmişdir. Kafedrada müxtəlif illərdə aparılmiş elmi-tədqiqat işlərinin nəticələri çoxsaylı məqalə, müəlliflik şəhadətnamələri və patent şəklində dərc olunmuşdu. Alınan nəticələrin praktiki tətbiq imkanları da ətraflı şəkildə öyrənilmişdi.

Bu ənənə hal-hazırda da uğurla davam etdirilir. Belə ki, 2000-ci ildən başlayaraq kafedranın əməkdaşları həm yerli, həm də beynəlxalq elmi fondlar tərəfindən maliyyələşdirilən müxtəlif layihə və qrantlarda fəal şəkildə iştirak edirlər.

2021-ci ildə magistratura pilləsinin “Yüksəkmolekullu birləşmələr kimyası” ixtisaslaşması Beynəlxalq akkreditasiyadan keçmişdir.

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 379-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 5390559 / (+99412) 5390953 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2024
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət