Neft kimyası və kimya texnologiyası kafedrasının tarixi

1943-cü ildə Y.H.Məmmədəliyevin təşəbbüsü ilə Neft kimyası (hazırda Neft kimyası və kimya texnologiyası) kafedrası yaradılmışdır. Kafedraya akad. Yusif Heydər oğlu Məmmədəliyev (1943-1959), prof. Şamil Teymur oğlu Əhmədov (1959-1965), prof. Cəbrayıl Ələkbər oğlu Hüseynov (1965-1967), dos. Abdulla İsgəndər oğlu Cabbarov (1967-1971), prof. Ağarəfi Hilal oğlu Ağayev (1971-1978), prof. Vaqif Məlik oğlu Əhmədov (1984-1988), prof. Musa Rza oğlu Bayramov (1978-1984, 1988-2019) rəhbərlik etmiş, 2019-cu ildən isə prof. İbrahim Qərib oğlu Məmmədov rəhbərlik edir.

Hazırda kafedrada professorlar İbrahim Qərib oğlu Məmmədov, Musa Rza oğlu Bayramov, Qasım Zülfəli oğlu Hüseynov, dosentlər Şərqiyə Zeynal qızı Qasımova, Natiq Yusif oğlu Zeynalov, Rahilə Əşrəf qızı Hüseynova, Gülnarə Musa qızı Həsənova, müəllim Ofelya Nazim qızı Cavadova, müəllim Yeganə Vaqif qızı Məmmədova, müəllim Nərgiz Vəliəddin qızı Əzimova böyük laborantlar Brilyant Həşim qızı Həşimova və Pakizə Həbib qızı Əsədova çalışırlar.

Kafedraya akademik Yusif Məmmədəliyevin rəhbərlik etdiyi müddətdə benzolun piroliz qazları ilə alkilləşməsi istiqamətində qiymətli elmi-tədqiqat işləri aparılmış və yüksək keyfiyyətli aviabenzin alınmışdır. Onun bu sahədə apardığı tədqiqat işləri Stalin mükafatına layiq görülmüş, özü isə «Lenin ordeni» ilə təltif olunmuşdur.

Kafedrada prof. İ.Q.Məmmədovun rəhbərliyi ilə biokütlədən biodizel, biodizelin yan məhsulu olan qliserin əsasında yüksək oktan ədədli komponentlərin, ekoloji təmiz yanacaq növlərinin, eləcə də neft fenolları əsasında tibbdə xərçəngin, diabetin, qan xəstəliklərinin və s. müalicəsində istifadə potensialına malik heterotsiklik birləşmələrin alınması, məhlul sistemlərinin NMR metodu ilə tədqiqi istiqamətlərində işlər aparılır.   

prof. M.R.Bayramovun rəhbərliyi ilə sənaye əhəmiyyətli polifunksional monomerlərin, termoreaktiv formaya keçən yeni nəsil doymamış fenol-formaldehid oliqomerlərinin, ağır radionuklidlərin tutulması üçün polimer sorbentlərin, müxtəlif xassəli aşqarların, korroziya inhibitorlarının sintezi istiqamətlərində işlər həyata keçirilir.

Prof. Q.Z.Hüseynovun təşəbbüsü ilə sürtkü yağlarının, yanacaqların keyfiyyətini yaxşılaşdıran aşqarların, inhibitorların sintezi sahəsində elmi araşdırmalar aparırlır.

Kafedranın mərhum professoru M.M.Hacıyev α-hallogen efirlərin doymamış karbohidrogenlərə birləşmə reaksiyalarının tədqiqi və alınan məhsullar əsasında yeni pestisid-inhibitor, eləcə də flotoreagentlərin alınması istiqamətində tədqiqat işləri aparmışdır.

Eləcə də kafedranın yaxın tarixində yeni nəsil doymamış fenol-formaldehid oliqomerləri alınmış və istehsalı Neft-Kimya Prosesləri İnstitutunun nəzdində olan Təcrübi-İstehsalat Zavodunda həyata keçirilmişdir. Alınmış oliqomerlər əsasında keçmiş Ümumittifaq Aviasiya Materialları İnstitutunun bir qrup əməkdaşları ilə birlikdə BK-50 yapışqanı alınaraq aviasiyada tətbiqi yoxlanılmışdır. Kafedrada piroliz prosesinin aşağı temperaturda aparılması, yanacaqların keyfiyyətinin yaxşılaşdırılması, yüksək oktan ədədli benzinlər almaq üçün katalitik sistemlərin yaradılması istiqamətlərində də işlər aparılmışdır.

Kafedranın əməkdaşları tərəfindən 20-dən çox dərslik, monoqrafiya, dərs vəsaiti, metodik göstərişlər, 600-dən çox elmi məqalə nəşr olunmuş, 100-dən çox müəlliflik şəhadətnaməsi və 30-a qədər patent alınmışdır. Kafedra əməkdaşlarının iştirakı ilə 6 dərslik və 5 dərs vəsaiti nəşr edilmişdir. Kafedra Respublika və xarici ölkələr üçün ixtisaslı mütəxəssislərin hazırlanması üzrə də işlər aparmış, 7 nəfər xarici ölkə vətəndaşı elmi dərəcə almışdır.

Magistratura pilləsinin “Neft kimyası” ixtisası Beynəlxalq akkreditasiyadan keçərək sertifikat almış və Sətbayev Milli Texniki Universiteti (Qazaxıstan) ilə ikili diplom müqaviləsi imzalanaraq kadr hazırlığı həyata keçirilir.

1991-ci ildə kafedranın nəzdində «Alkenilfenollar və karbonilli birləşmələr kimyası» (indiki «Alkenilfenollar kimyası») elmi-tədqiqat laboratoriyası yaradılmışdır. Laboratoriyada prof. Musa Rza oğlu Bayramov (müdir), dosent  Mahirə Aybala qızı Ağayeva, Misir Əhməd oğlu Cavadov, fəlsəfə doktoru Günay Müzakir qızı Mehdiyeva, elmi işçi İradə Mais qızı Şıxaliyeva calışırlar.

ETL-də aparılan elmi-tədqiqat işləri ilə əlaqədar 2 nəfər doktorluq, 6 nəfər isə fəlsəfə doktoru dissertasiyası müdafiə etmiş, 2 monoqrafiya, 100-dən çox elmi məqalə dərc edilmiş, 20-yə qədər patent alınmışdır.

Hazırda kafedrada 6 nəfər doktorant, 11 nəfər magistrant elmi-pedaqoji fəaliyyətlə məşğul olur. Fakültədə təhsil alan tələbələr TEC-in xətti ilə elmi-tədqiqat işlərində yaxından iştirak edir.    

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 379-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 5390559 / (+99412) 5390953 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2024
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət