ZÜLFÜQARLI CÜMŞÜD İSMAYIL OĞLU

ZÜLFÜQARLI CÜMŞÜD İSMAYIL OĞLU

ZÜLFÜQARLI CÜMŞÜD İSMAYIL OĞLU

(1905-1982) BDU-nun Qeyri-üzvi kimya kafedrasının müdiri vəzifəsində çalışıb

1929-1930-cu illərdə ekstern yolu ilə ADU-nun (indiki Bakı Dövlət Universiteti) pedaqoji fakültəsinin təbiət şöbəsini bitirmiş və 1930-1932-ci illərdə Azərbaycan Dövlət Elmi Pedaqoji İnstitutunun 2 illik aspiranturasına daxil olmuşdur. 1932-1934-cü illərdə Müdafiə Nazirliyi metod sektoru rəhbərinin müavini vəzifəsində işləmişdir. 1937-ci ildə kimya namizədlik dissertasiya işini müdafiə etmişdir. 1945-1950-ci illər Azərbaycan Elmlər Akademiyası (EA) Neft İnstitutunda (Nİ) analitik laboratoriyanın müdiri, 1951-1952-ci illərdə BDU-nun kimya fakültəsinin dekanı vəzifələrində işləmişdir. 1957-ci ildən ömrünün axırına kimi BDU-nun Qeyri-üzvi kimya kafedrasına rəhbərlik etmişdir. 1960-cı ildə ona «Qeyri-üzvi kimya» ixtisası üzrə professor adı verilmişdir. 1963-cü ildə isə doktorluq dissertasiya işini müdafiə etmişdir. 1968-ci ildə «Qeyri-üzvi kimya» ixtisası üzrə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilmiş, 1979-cu ildə «Azərbaycan SSR "Əməkdar elm xadimi» fəxri adını almışdır. C.Zülfüqarlının rəhbərliyi ilə Azərbaycan, Tacikistan, Gürcüstan, Dağıs­tan və Volqoqrad vilayətinin müxtəlif təbii obyektlərində mikroele­ment­lərin yayıl­ma­sı öyrənilmişdir. Aparılmış tədqiqat nəticəsində kausto­bio­lit­lərdə, lay sularında və süxurlarda mikroelementlərin yayılmasının xa­rakteri, onların birləşmə forması və korrelyativ qarşılıqlı əlaqələri haqqında çox qiy­mətli məlumat əldə edilmişdir. Neftin yaşından asılı olaraq, onun üzvi və hete­rogen komponentləri, habelə cüt-cüt götürülən elementlər arasındakı qar­şılıqlı əlaqəni göstərən qanunauyğunluqlar aşkar edilmişdir. C.Zülfüqarlı müxtəlif regionların neftlərindəki porfirinlər və onların metal­kompleksləri haqqında çox maraqlı məlumat əldə etmiş və bu maddə­lərin mən­şəyinə dair əsaslandırılmış hipotezlər irəli sürmüşdür. C.Zülfüqarlının rəhbərliyi ilə yarımkeçiricilər kimyası sahəsində apa­rılan tədqiqatların mühüm əhəmiyyəti olmuşdur. Bu birləşmələr sırasına aid xeyli yeni maddə sintez edilmişdir. Onların hərtərəfli öyrənilməsi nəticə­sin­də bəlli ol­muşdur ki, yarımkeçirici xassəsinə malik olan bu birləşmələrdən geniş miq­yasda istifadə edilə bilər. Prof. C.İ.Zülfüqarlı 300-dən artıq elmi əsərin müəllifidir. Rəhbərliyi ilə 14 elmlər namizədi hazırlanmışdır. AMEA-nın müxbir üzvü Cümşüd Zülfüqarlı 1982-ci il dekabrın 12-də Bakıda vəfat etmişdir.

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 379-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 5390559 / (+99412) 5390953 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2024
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət