1966-cı ildə ADU-nun (İndiki Bakı Dövlət Universiteti) kimya fakültəsinə qəbul olmuş və oranı 1971-ci ildə fərqlənmə diplomu ilə bitirmiş, Azərbaycan SSR Elmlər Akademiyası Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun (QÜFKİ) aspiranturasına daxil olmuş, elmi tədqiqat işini yerinə yetirmək üçün SSRİ EA Üzvi Kimya İnstitutuna ezam edilmişdir. 1975-ci ildə SSRİ EA N.Zelinski adına ÜKİ-nin Elmi Şurasında üzvi kimya ixtisası üzrə «olefinlərin seolit katalizatorları üzərində çevrilmələri» mövzusunda namizədlik, 1984-cü ildə isə həmin İnstitutun İxtisaslaşma Elmi Şurasında «Karbohidrogenlərin oksidləşdirici dehidrogenləşmə və piroliz reaksiyaları üçün seolit və silikagel əsaslı katalitik sistemlər» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Dilqəm Tağıyevin elmi fəaliyyəti əsasən müxtəlif sinif karbohidrogenlərin və onların törəmələrinin hidrogenləşmə, oksidləşmə, izomerləşmə, alkilləşmə, oksidehidrogenləşmə, oliqomerləşmə və digər reaksiyaları üçün heterogen və homogen katalizatorların işlənib hazırlanmasına və təsir mexanizminin öyrənilməsinə, bioloji fəal metal-komplekslərin sintezinə və tədqiqinə, bəzi fiziki-kimyəvi proseslərin öyrənilməsinə və modelləşdirilməsinə həsr olunmuşdur. Müxtəlif reaksiyaların mikroməsaməli katalizatorlarda kinetikasının öyrənilmə prosesində mühüm amil olan diffuziya əmsalının termodesorbsiya ölçmələri əsasında hesablanması üçün yeni ekspres-metod təklif etmişdir.Onun elmi-pedaqoji fəaliyyətləri 800 elmi əsərdə, 28 monoqrafiya, kitab, dərslik, 16 tədris-metodik vəsait öz əksini tapmışdır. O, 5 elmlər doktoru, 12 elmlər namizədi hazırlamışdır. D.B.Tağıyevin apardığı tədqiqatların bəzi nəticələri 1983-cü ildə SSRİ "Lenin Komsomolu Mükafatı"na layiq görülmüş, 1986-cı ildə «Əməkdə fərqləndiyinə görə» medalı ilə təltif olunmuşdur. 2000-ci ildə Azərbaycan Respublikasının «Əməkdar müəllimi» fəxri adına layiq görülmüşdür. 2007-ci ildə AMEA-nin müxbir üzvü, 2014-cü ildə həqiqi üzvü seçilmişdir. 2014-cü ildən AMEA-nın M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, AMEA-nın vitse prezidentidir.
TAĞIYEV DİLQƏM BƏBİR OĞLU
TAĞIYEV DİLQƏM BƏBİR OĞLU
(1950) AMEA-nın M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, AMEA-nın vitse prezidentidir