NAĞIYEV MURTUZA FƏTULLA OĞLU

NAĞIYEV MURTUZA FƏTULLA OĞLU

NAĞIYEV MURTUZA FƏTULLA OĞLU

(1908-1975) AMEA-nın Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunun yaradıcısı və Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun direktoru olmuşdur

1919-1921-ci illərdə Aşqabad şəhərində fəhlə, 1922-1926-cı illərdə isə Səttarxan zavodunda xarrat vəzifəsində işləmişdir. 1926-29-cu illərdə ADU-nun nəzdindəki fəhlə fakültəsinin tələbəsi olmuşdur. 1932-1935-ci illərdə isə Azərbaycan Sənaye İnstitutunda təhsilini davam etdirərək, oranı kimyaçı-texnoloq ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə hələ tələbə olarkən 1932-ci ildə V.Strua adına «Krekinq» zavodunda növbə mühəndisi kimi başlamışdır. 1936-1938-ci illərdə həmin zavodda baş mühəndis vəzifəsinə qədər yüksəlmişdir. 1938-1940-cı illərdə Azərbaycan Neft Emalı Elmi-Tədqiqat İnstitutunun «Krekinq» laboratoriyasına rəhbərlik etmişdir. 1940-cı ildə M.Nağıyev kimya üzrə fəlsəfə doktoru, 1944-cü ildə kimya üzrə elm­lər doktoru, 1945-ci ildə professor elmi adını almış, 1952-ci ildə isə Azər­bay­can SSR EA-nın həqiqi üzvü seçilmişdir. Azərbaycan SSR EA Neft İnstitutunda şöbə mü­diri (1945-1946), həmin ins­titutun direk­to­ru və şöbə müdiri (1945-1956), Azərbaycan EA Neft-Kimya Pro­sesləri İnstitu­tu­nun (1959-1962), Azər­baycan EA Kimya Tex­nolo­gi­yasının Nəzəri Prob­­lemləri İnstitu­tu­nun yaradıcısı və direk­toru ol­muşdur (1965-1975). M.Nağıyevin elmi fəaliyyəti­nin əsas istiqaməti neft kimyası və tex­nologiyası, kimyəvi reaksiyaların kine­tika və termodinamikası idi. M.Na­ğı­yev dünyada kim­ya və kimya texnologiyasında yeni bir elmi istiqamət kimi qə­bul olunmuş resirkul­yasiya prosesləri nəzəriy­yə­si­nin yaradı­cısıdır. Onun işləyib hazırla­dığı resir­kul­yasiya prosesləri nəzəriyyəsi kimya-texnologiya proseslərinin və eləcə də, Kim­­ya Tex­no­lo­giyası Kom­bi­nat­la­rının (KTK) ən effektli yolla in­ten­sivləş­di­ril­məsinə im­kan yaratmış­dır. M.Na­­­ğı­yevin qlobal optimallaş­dırma anla­yışı, məhz mürək­kəb KTK-nın optimal­laşdırılmasına sis­temli yanaşma nəticəsində kimyə­vi proseslərin mo­del­ləşdiril­məsinə ilkin təkan vermiş və onun bu sahədə prio­ritetliyi bütün dünyada qəbul olun­muşdur. M.Nağı­yev tə­rə­findən əsası qoyulmuş super opti­mallıq prinsipi kimyanın klas­sik ən­ənə­lərindən fərqli olaraq kimya proses­lərinin təd­qi­qinə yeni yanaşma üsulu idi. Bu da kimyəvi proseslərin aparıl­ma­sı üçün elə bir şərait yaradır ki, kimyəvi reaktorların yüksək məh­sul­dar­lıqla işləməsi və tullantıların azal­ması mümkün olur, super optimallıq prinsipinin istehsalatda tətbiqi qurğu­ların inten­siv işləməsi ilə tullan­tısız istehsala təminat verir. M.Nağıyev 300 elmi əsərin, o cümlədən 12 müəlliflik şəhadətnaməsi və 30 fundamental mo­no­qrafiyanın müəl­lifidir. Onun rəhbərliyi ilə 3 elmlər dok­toru və 30 elmlər namizədi hazırlanmışdır. Respublikada elmin inkişafına və elmi kadrların hazırlanmasındakı xidmətlərinə görə 1956-cı ildə Azərbaycan SSR "Əməkdar Elm Xadimi", 1969-cu ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. O, həmçinin Lenin, «Qırmızı Əmək Bayrağı» ordenləri, bir sıra medal və fəxri fərmanlarla təltif olunmuşdur. Akademik M.F.Nağıyevin adını əbədiləşdirmək məqsədilə yaratdığı və rəhbərlik etdiyi AMEA-nın Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutuna (İndiki Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu) 1991-ci ildə onun adı verilmişdir. Akademik Murtuza Nağıyev 1975-ci ildə Bakıda vəfat etmişdir.

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 379-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 5390559 / (+99412) 5390953 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2024
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət