SEYİDOV NADİR MİRİBRAHİM OĞLU

SEYİDOV NADİR MİRİBRAHİM OĞLU

SEYİDOV NADİR MİRİBRAHİM OĞLU

(1932-2015) AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunda laboratoriya müdiri vəzifəsində çalışıb

1955-ci ildə Azərbaycan Döv­lət Uni­versitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakül­təsini bitir­mişdir. N.Seyidov 1960-cı ildə texnika üzrə fəl­səfə doktoru, 1970-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini və professor elmi adını almış, 1989-cu ildə Azər­baycan EA-nın müxbir üzvü, 2001-ci ildə həqiqi üzvü seçilmişdir. N.Seyidov 1955-ci ildə Elmi İstehsalat Olefinlər İnstitutunun 2 saylı “Poçt qutusu” müəssisəsində laborant, kiçik elm işçi, sektor rəhbəri, şöbə müdiri (1957-1961), Elastomerlər laborato­riyasının rəhbəri (1961-1992), “Elasto­mer” kiçik müəssisənin direktoru (1992-1994), Elmi İstehsalat Ole­finlər İnsti­tu­tu­nun elmi işlər üzrə direktor müavini (1995-1997) işləmişdir. AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunda baş elmi işçi-məslə­hətçi (1997-2008), AMEA-nın Kimya Elmləri Bölməsinin akademik katibinin müavini (2007-2008), AMEA-nın Kimya Elmləri Bölməsinin akademik katibi (2008-2013) vəzifə­lərində çalışmışdır. N.Seyidovun elmi fəaliyyəti əsasən polimer kimyası və neft-kimya sintezi problemlərinin həllinə yönəlib. O, Azərbaycanda polimer kimyası sa­həsində geniş tədqiqatlar aparmış yüksək ixtisaslı kadrların hazırlanmasında xüsusi əməyi olan alimlərdən biridir. Onun rəhbərliyi ilə aşağı molekullu olefinlər əsa­sında sintetik kauçuklar alınması sahəsində geniş tədqiqatlar aparılmış, etilen-propilen və başqa olefinlər əsasında kauçukların yeni üsulla alınması prosesi işlənib hazırlanmışdır. Onun rəhbərliyi ilə dünya praktikasında məlum olmayan metallik alüminium və xlorkarbohidrogenlər əsasında yüksək aktivliyə və stabilliyə malik olan yeni növ katalizatorlar yaradılmışdır. Bu katalizatorlar sənaye miqya­sında Sumqa­yıt, Nijnekamsk, Tolyatti istehsalat birliklərində müvəffəqiy­yətlə tətbiq olun­muşdur. N.Seyidovun elmi tədqiqatlarının nəticələri 365 elmi əsərdə, o cüm­lədən 100 müəlliflik şəhadətnaməsi və patentdə öz əksini tapmışdır. Onun elmi rəhbərliyi altında 2 elmlər doktoru və 33 fəlsəfə doktoru hazır­lanmışdır. N.Seyidov “Şöhrət” və “Şərəf Nişanı” ordenləri və medallarla təltif olunmuş, Əmək­dar elm xadimi adına layiq görülmüşdür. 2012-ci ildən Prezident təqaüdçüsü olmuşdur. Akademik Nadir Seyidov 5 oktyabr 2015-ci ildə Bakıda vəfat etmişdir.

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 379-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 5390559 / (+99412) 5390953 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2024
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət