ƏLİYEVA RƏFİQƏ ƏLİRZA QIZI

ƏLİYEVA RƏFİQƏ ƏLİRZA QIZI

ƏLİYEVA RƏFİQƏ ƏLİRZA QIZI

(1932-2017) BDU-da «Ekoloji kimya və ətraf mühitin mühafizəsi» elmi-tədqiqat laboratoriyasının müdiri, Analitik kimya kafedrasının professoru olub

1932-ci il sentyabrın 20-də Naxçıvan şəhərində anadan olmuşdur. 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsini bitirmişdir. 1976-cı ildə dosent, 1998-ci ildə isə kimya ixtisası üzrə professor elmi adını almışdır. 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir. R.Əliyeva 1958-1960-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyası Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda kiçik elmi işçi, 1957-1999-cu illərdə Bakı Dövlət Univer­sitetinin “Analitik kimya“ kafedrasında aspirant, laborant, assis­tent, baş müəllim, dosent və həmin kafedranın professoru, 2001-ci ildən Bakı Dövlət Universitetinin “Ekoloji kimya və ətraf mühitin mühafizəsi“ elmi tədqiqat laboratoriyasının müdiri vəzifələrində çalışmışdır. R.Əliyeva keçid və nadir torpaq elementlərinin fotometrik təyini və qatılaşdırma metodikalarının öyrənilməsi sahəsində tədqiqatlar aparan, analitik kimya elminin bu sahəsinin yeni biliklərlə zənginləşdirilməsində xidmətləri olan tanınmış alimdir. Onun əsas elmi istiqaməti yeni üzvi reagentlər və sorbentlərin sintezi və onların analitik imkanlarının öyrənilməsindən ibarətdir. O, analitik reaksiyaları xarakterizə edən parametrlərlə kompleks birləşmələrin quruluşu arasındakı asılılığı müəyyən etmişdir. O, ilk dəfə olaraq spektrofotometrik metod vasitəsilə germaniumun alizarin qırmızı C, stilbazo, piroqallol qırmızı, brompiroqallol qırmızı, xinalizarin reagentləri ilə kompleks birləşmələrini tədqiq etmişdir. R.Əliyevanın rəhbərliyi altında ilk dəfə olaraq b-diketonlar əsasında azobirləşmələr sintez edilmiş və üzvi reagentlərdə kvantkimyəvi hesablamalara görə elektron sıxlığı hesablanmış, alınan nəticəyə əsasən bu reagentlərin bir-birinə nəzərən nə dərəcədə analitik effekt verməsi qabaqcadan proqnozlaşdırılmışdır. Onun rəhbərliyi altında malein anhidridi və stirolun birgə sopolimeri əsasında sintez edilmiş sorbentdən istifadə etməklə Cu, Cd, Zn, Fe, Ni, Co, U və fenol tipli birləşmələrin qatılaşdırılmasının optimal şəraiti işlənib hazırlanmışdır. Bu sinif sorbentlərdən neftayırma zavodlarından alınan çirkab sularında, axıntı və lay sularında metalların qatılaşdırılması üçün istifadə edilməsi təklif olunmuşdur. R.Əliyeva 450 elmi əsərin, 25-dən çox dərs vəsaiti və dərslik, analitik kimyadan 6 tərcümə kitabının və 20 patentin müəllifidir. Onun əsərlərinin çox hissəsi xaricdə çap olunmuşdur. Tanınmış beynəlxalq jurnallarda onun əsərlərinə istinadlar olunur. R.Əliyevanın rəhbərliyi ilə 2 elmlər doktoru və 20 fəlsəfə doktoru hazırlanmışdır. R.Əliyeva Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən D02.011 şifrli Dissertasiya Şurasının sədr müavini, Bakı Dövlət Universitetinin Elmi Şurasının üzvü olmuşdur. R.Əliyeva Əməkdar elm xadimi, akad. Y.Məmmədəliyev adına mükafatı laureatı adlarına layiq görülmüşdür. O, 2001-ci ildə Amerika Biblio­qrafiya İnstitutu tərəfindən «2001-ci ilin adamı» və «2001-ci ilin işgüzar qadını» seçilmişdir. Azərbaycan Respublikası Təhsil Nаzirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. Bakı Dövlət Universitetinin təsis etdiyi «İlin alimi» fəxri adına, «Ekologiya» və «Ümumi ekologiya» adlı dərs vəsaitləri isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi Heydər Əliyev adına mükafata layiq görülmüşdür. Akademik Rəfiqə Əliyeva 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif olunmuşdur. Rəfiqə xanım Əliyeva 6 may 2017-ci ildə vəfat etmişdir.

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 379-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 5390559 / (+99412) 5390953 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2024
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət