“Agatha Christie 135 - Detektiv Kimyası” adlı tədbir ke,irilib
-(1)-lg.jpg)
Bakı Dövlət Universiteti (BDU) Kimya fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “Agatha Christie 135 - Detektiv Kimyası” adlı tədbir baş tutub. Tədbirin açılışında iştirakçılara tədbirin məqsədi, mövzunun aktuallığı və detektiv ədəbiyyatın kimya elmi ilə əlaqəsi haqqında giriş nitqi təqdim olunub. Aqata Kristinin yaradıcılığında elmi biliklərin rolu xüsusi vurğulanıb. Çıxışlarda yazıçının əsərlərində yer alan siyanid, strixnin, talyum, arsen və digər toksik maddələr haqqında geniş elmi məlumat verilib. Bu zəhərlərin kimyəvi quruluşu, təsir mexanizmləri, orqanizmdə yaratdığı dəyişikliklər və Kristi tərəfindən süjetin inkişafında necə ustalıqla istifadə edildiyi faktlar və nümunələrlə izah olunub.Bu zaman həmçinin yazıçının feldşer kimi çalışdığı dövrdə qazandığı tibbi-kimyəvi biliklərin onun yaradıcılığına necə təsir etdiyi xüsusi vurğulanıb. Müzakirələr zamanı Aqata Kristinin tibbi biliklərinin onun detektiv yaradıcılığında realizm yaratdığı, zəhərlərin simptomlarının dəqiq təsviri və hadisələrdə elmi məntiqin tətbiqinin oxucunu daim maraqda saxladığı qeyd edilib. Müəyyən əsərlərdən götürülmüş situasiyalar üzərində real kimyəvi proseslər təhlil olunub. Tədbir çərçivəsində təşkil edilən interaktiv sual-cavab sessiyası tələbələrə həm mövzu üzrə biliklərini nümayiş etdirmək, həm də detektiv ədəbiyyatın elmi tərəfləri ilə bağlı fikirlərini bölüşmək imkanı yaradıb. Zəhərlərin kriminalistika, kimyəvi analiz və sübut toplama proseslərində oynadığı rol haqqında maraqlı fikir mübadiləsi aparılıb. Tədbirin sonunda fəallığı ilə seçilən tələbələr sertifikat və kitab hədiyyələri ilə təltif olunublar. Qaliblərin suallara verdiyi cavablar, müzakirələrdə göstərdikləri iştirak və mövzunu mənimsəmələri yüksək qiymətləndirilib.