8 noyabr Zəfər gününə həsr olunmuş tədbir keçirilib
Bakı Dövlət Universiteti Kimya, Sosial elmlər və psixologiya, Geologiya fakültələrinin Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə 8 noyabr Zəfər gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Kimya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov çıxış edərək bildirib ki, 44 gün ərzində səbir, cəsarət və vətənpərvərliklə qazandığımız zəfər, nəsillər boyu unudulmayacaq bir qürur mənbəyidir. Bu müharibə, Azərbaycan xalqının tarixinə yazılan şanlı səhifədir. Hər bir azərbaycanlı, bu qələbənin özündə daşıdığı fədakarlığı və əzmi unutmamalı, bu zəfəri gələcək nəsillərə çatdıraraq, milli birliyimizi və vətənpərvərliyimizi qorumaqla, şanlı tariximizi yaşatmalıyıq. Sosial elmlər və psixologiya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət xanım qürur dolu tariximizin 44 günü, yalnız bir müharibə dövrü deyil, eyni zamanda Azərbaycan xalqının azadlıq mübarizəsinin simvolu olduğunu vurğulamışdır. Qeyd etmişdir ki, şanlı ordumuzun qəhrəman əsgərləri, vətən uğrunda canlarını fəda edərək, bizim üçün qürur verici bir tarix yazmışlar. Tədbirdə Ayan Cəfərzadə, Cəmalə Vəlizadə və Xədicə Abdulrəhimova Zəfər gününə həsr edilmiş şeirlər səsləndirdi. Sosial elmlər və psixologiya fakültəsinin tələbələri Şəfa Məmmədtağıyeva, Fidan Zamanova, Cəmilə Cəbrayılova, Lamiyə Əhmədova, Zemfira Babayeva tərəfindən “Xarıbülbül”, "Zəfər" rəqsləri təqdim olunub. Tədbir 8 noyabr Zəfər gününə həsr olunmuş videoçarxın nümayiş ilə sona çatdı.