“Kimya və kimya texnologiyası” adlı IV Respublika elmi konfransı keçirilir
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsi və M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-cu ildönümünə həsr olunmuş Doktorant, magistrant və gənc tədqiqatçıların “Kimya və kimya texnologiyası” adlı IV Respublika elmi konfransı keçirilir.
Tədbirin açılış mərasimində çıxış edən elm və innovasiyalar üzrə prorektor Hüseyn Məmmədov bildirib ki, müstəqil Azərbaycanın memarı, Ümümimilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü bütün ölkəmizdə olduğu kimi, BDU-da da böyük sevgi və ehtiramla qeyd olunur. Ulu Öndərin Azərbaycanın kimya sənayesinin inkişafında və yenidən qurulmasında misilsiz xidmətlərini xatırladan Hüseyn Məmmədov diqqətə çatdırıb ki, Kimya fakültəsi ölkədə kimyacı kadrların yetişməsində xüsusi çəkiyə malikdir. Daha sonra natiq BDU-da elmi tədqiqatların səviyyəsi, beynəlxalq bazalarda indeksləşməsi, eləcə də yeni ixtisasların yaranması haqqında məlumat verib.
Kimya fakültəsinin dekanı Fuad Kərimli Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu və elmimizin inkişafında əvəzsiz rolundan danışıb, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. O bildirib ki, konfransa ölkənin müxtəlif universitetlərindən, Elm və Təhsil Nazirliyinin elmi-tədqiqat institutlarından, xarici universitetlərdən (Türkiyə, Özbəkistan, Böyük Britaniya) 180-dən çox tezis qəbul olunub.
Akademiklər Dilqəm Tağıyev, Vaqif Fərzəliyev və Sumqayıt Dövlət Universitetinin prorektoru Elşad Abdullayev çıxışlarında Ulu Öndər Heydər Əliyevin Azərbaycanda neft-kimya sənayesinin inkişafındakı tarixi xidmətlərini diqqətə çatdırıb, elmi konfransların magistrant və tələbələrin gələcək elmi fəaliyyətlərində böyük rola malik olduğunu vurğulayıblar.
Konfransın plenar iclasında Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının baş müəllimi Ofeliya Balayeva və akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı Elvin Əhmədovun məruzələri dinlənilib.
Konfrans öz işini iki gün ərzində dörd bölmədə davam etdirəcək.