ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİ HÖRMƏTLƏ ANIRIQ
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən Kimya fakültəsinin dekanı Fuad Kərimli Azərbaycan xalqımızın Ümummmilli lideri, görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin müstəqilliyimizin qorunması və milli dövlətçiliyimizin gücləndirilməsi istiqamətindəki misilsiz tarixi xidmətlərindən danışıb. O bildirib ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyi əbədi və dönməz etmişdir. 1993-cü ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev siyasət aləmində çox güclü, səriştəli və təcrübəli müdrik dövlət xadimi kimi qısa bir müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yaratdı.
Daha sonra Tarix fakültəsinin Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının professoru Nuru Məmmədov, Üzvi kimya kafedrasının müdiri akademik Abel Məhərrəmov, Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri professor İbrahim Məmmədov çıxışlarında diqqətə çatdırıblar ki, Azərbaycan xalqının bu günkü firavan yaşaması, müstəqilliyimizin möhkəmlənməsi, dövlətimizin qüdrətlənməsi məhz dahi şəxsiyyət, Ulu öndər Heydər Əliyevin xidmətləridir. Ümummilli lider Heydər Əliyev bütün ictimai-siyasi fəaliyyəti dövründə Azərbaycanın inkişafına çalışıb, müstəqil Azərbaycanda dünya standartlarına uyğun neft sənayesinin formalaşmasına nail olub, onun möhkəm iradəsinin və cəsarətinin nəticəsidə dünyanın 7 ölkəsinin 11 məşhur neft şirkəti ilə "Əsrin müqaviləsi" imzalanıb. Ulu öndərin ideyaları Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Kimya fakültəsinin I kurs tələbəsi Nailə Tağıyevanın təqdimatında şeir dinlənildikdən sonra Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş videoçarx nümayiş etdirilib.