31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirildi
-lg.jpg)
Bakı Dövlət Universitetinin Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilmişdir. Tədbirdə fakültə rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak etmişdir. Tədbir Bakı Dövlət Universitetinin Kimya fakültəsinin dekanı Fuad Kərimlinin açılış nitqi ilə başlamışdır. Dekan çıxışında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün milli birlik və vətənpərvərlik baxımından mühüm əhəmiyyət daşıdığını vurğulamış, bu günün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları ortaq dəyərlər və Vətən sevgisi ətrafında birləşdirdiyini qeyd etmişdir. Eyni zamanda, Yeni ilin gənclərə yeni uğurlar və elmi nailiyyətlər gətirməsi arzusunu ifadə edərək, tələbələrin cəmiyyətin fəal və məsuliyyətli üzvləri kimi formalaşmasının vacibliyini diqqətə çatdırmışdır. Daha sonra Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir. Videoçarxda xaricdə yaşayan soydaşlarımızın milli-mənəvi dəyərlərimizi qoruyub saxlaması, Vətənə bağlılığı və həmrəyliyi əks olunmuşdur. Videoçarx tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır. Tədbirin bədii hissəsində tələbələr tərəfindən hazırlanan proqram təqdim olunmuşdur. İlk olaraq “Qış nağılı” adlı səhnəcik nümayiş etdirilmiş, ardınca müxtəlif musiqili nömrələr və rəqs proqramları təqdim edilmişdir. Tədbir xoş ovqat və yüksək əhval-ruhiyyə ilə başa çatmışdır.