
BDU-nun Üzvi kimya kafedrasının əməkdaşlarının elmi-tədqiqat layihəsi müsabiqənin qalibi olub Bakı Dövlət Universitetinin Universitetdaxili Tədqiqat və İnkişaf Fondu çərçivəsində keçirilən tətbiqi tədqiqat layihələri üzrə müsabiqədə Üzvi kimya kafedrasının əməkdaşları tərəfindən təqdim olunan “2-(4-əvəzlifenil)-4-fenil-4,5-dihidropiridazin-3(2H)-on və 4-əvəzli-2-(2-((1E,2E)-3-fenilalliliden)hidrazineil)tiazol törəmələrinin sintezi və xərçəng hüceyrələrinə qarşı antiproliferativ aktivliyinin tədqiqi” adlı layihə qalib elan edilib. Layihənin rəhbəri Bakı Dövlət Universitetinin Üzvi kimya kafedrasının baş müəllimi, kimya üzrə fəlsəfə doktoru Gülnar Atakişiyevadır. Layihənin icraçısı kimya üzrə fəlsəfə doktoru, elmi işçi Nigar Əhmədovadır 12 ay müddətinə nəzərdə tutulan layihənin əsas məqsədi darçın aldehidi əsasında yeni piridazin və tiazol törəmələrinin sintezi, onların molekulyar quruluşunun tədqiqi və xərçəng hüceyrələrinə qarşı antiproliferativ aktivliyinin qiymətləndirilməsidir. Tədqiqat çərçivəsində müasir spektroskopik analiz üsullarından, molekulyar dokinq və molekulyar dinamika hesablamalarından istifadə olunması, həmçinin birləşmələrin quruluş–bioloji aktivlik əlaqələrinin müəyyənləşdirilməsi nəzərdə tutulur. Layihənin nəticələrinin gələcəkdə antikanser təsir potensialına malik yeni bioaktiv birləşmələrin müəyyənləşdirilməsinə və dərman kimyası sahəsində perspektivli tədqiqatların inkişafına töhfə verməsi gözlənilir.