“Şəhərsalmanın inkişafında təbii ehtiyatlardan istifadə və milli memarlığın qorunması” mövzusunda elmi seminar keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Neft kimyası və kimya texnologiyası kafedrasında “Şəhərsalmanın inkişafında təbii ehtiyatlardan istifadə və milli memarlığın qorunması” mövzusunda elmi seminar keçirilib. Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri İbrahim Məmmədov giriş sözü ilə çıxış edərək şəhərsalmanın inkişafında təbii ehtiyatlardan səmərəli istifadənin, ekoloji tarazlığın qorunmasının və milli memarlıq ənənələrinin yaşadılmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Seminarda kafedranın I kurs doktorantı Flora Bayramovanın təqdimatında qeyd edilib ki, müasir şəhərsalma yalnız yeni yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin yaradılmasını deyil, həm də təbii resursların davamlı idarə edilməsini, ətraf mühitin mühafizəsini və tarixi-mədəni irsin qorunmasını nəzərdə tutur. Bu baxımdan, tikinti prosesində yerli xammal ehtiyatlarından səmərəli istifadə, enerji və su resurslarına qənaət, ekoloji cəhətdən təhlükəsiz materialların tətbiqi mühüm əhəmiyyət daşıyır. Milli memarlıq irsinin qorunmasının şəhərlərin özünəməxsus simasının saxlanılmasında, milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsində və müasir memarlıq həllərinin ənənələrlə uzlaşdırılmasında rolu vurğulanıb.Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa və quruculuq işləri kontekstində təbii ehtiyatlardan məsuliyyətli istifadə, müasir şəhərsalma prinsiplərinin tətbiqi və tarixi-mədəni irsin mühafizəsinin aktuallığı diqqətə çatdırılıb.