“Biomedicine: From Discovery to Impact” adlı təlim keçirilmişdir

22 oktyabr 2026-cı il tarixində Bakı Dövlət Universitetinin Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin təşkilatçılığı ilə “Biomedicine: From Discovery to Impact” adlı təlim keçirilmişdir. Tədbirin qonağı BDU-nun məzunu, Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının (MRC) Molekulyar Biologiya İnstitutunun Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Dr. Qərib Mürşüdov olmuşdur. Təlim çərçivəsində Kimya fakültəsinin Nanomateriallar kimyası ixtisaslaşması üzrə II kurs magistrantı Ayxan Əliyev “Computationally Guided Nanocarrier Design” (Hesablama üsulları ilə istiqamətləndirilən nanodaşıyıcıların layihələndirilməsi) mövzusunda çıxış etmişdir. Çıxışda limon turşusu və xitozanla funksionallaşdırılmış Fe₃O₄ nanohissəcikləri əsasında aparılan tədqiqatlardan bəhs olunub, dərmanların məqsədyönlü çatdırılması üçün metal-üzvi karkasların potensial tətbiqi, süni intellekt və kompüter simulyasiyalarının nanodaşıyıcı sistemlərin layihələndirilməsində perspektivləri müzakirə edilmişdir. Müzakirə zamanı nanodaşıyıcıların fizioloji mühitdə davranışı, “zülal korona”sının formalaşması və dərmanların idarəolunmaqla buraxılmasının modelləşdirilməsi kimi aktual elmi istiqamətlərə xüsusi diqqət yetirilmişdir.