18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib
19 Oktyabr 2026 16:25

BDU-da 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.
Bakı Dövlət Universitetinin (BDU) Kimya və Fizika fakültələrinin Tələbə Gənclər Təşkilatlarının birgə təşkilatçılığı ilə 18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Gününün 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə BDU-nun Kimya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov çıxış edərək 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününün Azərbaycan tarixindəki mühüm əhəmiyyətindən bəhs edib. O, 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyimizin bərpasının xalqımızın azadlıq və milli dövlətçilik arzularının təntənəsi olduğunu vurğulayıb.
Çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunması, möhkəmləndirilməsi və dönməz xarakter alması istiqamətindəki misilsiz xidmətlərinə xüsusi diqqət çəkən Taleh Qəhrəmanov qeyd edib ki, məhz Ulu Öndərin uzaqgörən siyasəti, milli dövlətçilik strategiyası və güclü dövlət quruculuğu müasir Azərbaycanın inkişafının möhkəm təməlini yaradıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi kursun uğurla davam etdirildiyini, Azərbaycanın beynəlxalq mövqelərinin daha da gücləndiyini bildirib.
Taleh Qəhrəmanov 44 günlük Vətən müharibəsinin dövlət müstəqilliyimizin, suverenliyimizin və ərazi bütövlüyümüzün möhkəmləndirilməsi baxımından tarixi rolunu da vurğulayıb. Qeyd edib ki, Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Zəfər xalqımızın milli iradəsinin, birliyinin və müstəqil dövlətçilik əzminin təntənəsi olmaqla yanaşı, ölkəmizin suveren hüquqlarının bütün ərazilərində bərpasına gedən yolun həlledici mərhələsi olub. Bu Zəfər sübut etdi ki, güclü dövlət, qüdrətli ordu və xalq–iqtidar birliyi müstəqilliyimizin etibarlı təminatıdır.
Çıxışının sonunda o, milli dövlətçilik ənənələrinin qorunmasının, tarixi yaddaşın yaşadılmasının və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyini qeyd edərək tələbələri Azərbaycanın müstəqilliyinin və gələcək inkişafının təmin olunmasında fəal iştirak etməyə çağırıb.
Daha sonra BDU-nun Fizika fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Məhəmməd Məhərrəmov çıxış edərək Azərbaycanın dövlət müstəqilliyinin tarixi əhəmiyyətini vurğulayıb, müstəqilliyin qorunmasının, milli dəyərlərin yaşadılmasının və bu müqəddəs mirasın gələcək nəsillərə ötürülməsinin vacibliyindən danışıb.
Tədbir çərçivəsində Kimya fakültəsinin I kurs tələbələri Fidan Əliyeva və Xədicə Məmmədova, eləcə də Fizika fakültəsinin II kurs tələbəsi Sevgi Şirinova çıxış edərək dövlət müstəqilliyinin xalqımız üçün əhəmiyyətini, Azərbaycanın keçdiyi tarixi yolu və müstəqilliyimizin qorunmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu vurğulayıblar.
Sonda 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Son XƏBƏRLƏR
12.10.2026 | 11:37
"Kimyanın sehri" adlı tədbir keçirildi
09.10.2026 | 15:32
Lingua Conversation Club tərəfindən kimya fakültəsinin tələbələr üçün ilk təlim keçirilib
08.10.2026 | 15:30
Faydalı Qazıntılar Muzeyinə ekskursiyası təşkil olunub
05.10.2026 | 14:33
I kurs tələbələri ilə tanışlıq və məlumatlandırıcı görüş keçirilib
05.10.2026 | 11:42