“İkili Diplom Proqramı: Təcrübə və Perspektivlər” adlı maarifləndirici görüş keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsi Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “İkili Diplom Proqramı: Təcrübə və Perspektivlər” adlı maarifləndirici görüş keçirilib.
Tədbirin məqsədi BDU ilə Pekin Kimya Texnologiyası Universiteti (PKTU) arasında “Kimya” ixtisası üzrə bakalavriat səviyyəsində həyata keçirilən ikili diplom proqramı, proqramın iştirak şərtləri və beynəlxalq təhsil imkanları haqqında tələbələri məlumatlandırmaq olub.
Tədbir çərçivəsində ikili diplom proqramının qalibləri — Nazlı Məmmədova, Orxan Qasımzadə, Züleyxa Abbasova və Aysel Həmidova tələbələrlə öz təcrübələrini bölüşüblər. Təhsillərini davam etdirmək üçün Pekin Kimya Texnologiyası Universitetinə yola düşən tələbələr proqramın müxtəlif mərhələləri, seçim prosesi və xaricdə təhsil təcrübəsi haqqında ətraflı məlumat veriblər.
Görüş zamanı proqramda iştirak üçün müraciət qaydaları, qəbul meyarları və namizədlərin seçim mərhələləri müzakirə olunub. İştirakçılar, həmçinin qəbuldan sonrakı hazırlıq prosesi, sənədləşmə və viza prosedurları, Çinə yola düşməzdən əvvəl görülməli işlər barədə məlumat əldə ediblər.
Tələbələr Pekin Kimya Texnologiyası Universitetində tədrisin təşkili, tədris dili, fənlərin məzmunu, qiymətləndirmə sistemi və laboratoriya imkanları haqqında təəssüratlarını bölüşüblər. Bununla yanaşı, Çində gündəlik həyat, yeni mühitə uyğunlaşma, dil və mədəniyyət fərqləri, kampus həyatı və beynəlxalq akademik mühitin yaratdığı imkanlar barədə danışılıb.
Görüş interaktiv müzakirə şəraitində davam edib. Tələbələr ikili diplom proqramına müraciət etmək istəyən gəncləri maraqlandıran suallara cavab tapmaq, proqramın üstünlükləri və qarşıya çıxa biləcək çətinliklər haqqında birbaşa iştirakçıların təcrübəsindən məlumat almaq imkanı əldə ediblər.