Bir qrup müəllim və şagirdinin Kimya fakültəsinə ekskursiyası təşkil olunub
-lg.jpg)
Ucar rayonunun Qazqumlaq kənd Heydər Əliyev adına 2 nömrəli tam orta məktəbin bir qrup müəllim və şagirdinin Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinə ekskursiyası təşkil olunub. Ekskursiyanın əsas məqsədi məktəblilərin kimya elminə marağını artırmaq, onların nəzəri biliklərini praktik müşahidələrlə zənginləşdirmək, ali təhsil mühiti ilə yaxından tanış olmalarına şərait yaratmaq və gələcək ixtisas seçimində onlara istiqamət vermək olub.Ekskursiya çərçivəsində qonaqlar BDU-nun Kimya fakültəsinin fəaliyyəti, tədris prosesi, elmi-tədqiqat istiqamətləri və laboratoriyaların imkanları ilə tanış olublar. Şagirdlər laboratoriyalarda aparılan elmi-tədqiqat işləri, müasir avadanlıqlar və kimyəvi təcrübələr haqqında məlumat əldə ediblər. Bununla yanaşı, məktəblilər universitetdə tələbələr üçün yaradılmış təhsil, sosial və mədəni şəraitlə tanış olub, BDU-nun muzeylərini ziyarət ediblər. Onlara universitetin zəngin tarixi, elmi ənənələri, əldə etdiyi nailiyyətlər və tələbə həyatının müxtəlif istiqamətləri barədə ətraflı məlumat verilib. Səmimi və maarifləndirici şəraitdə keçən ekskursiya şagirdlərin dünyagörüşünün genişləndirilməsi, elmə və ali təhsilə maraqlarının artırılması, eləcə də gələcək peşə seçimlərinin formalaşdırılması baxımından əhəmiyyətli olub.Bu cür görüşlər məktəblə ali təhsil müəssisəsi arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə, məktəblilərin universitet mühiti ilə yaxından tanış olmasına və onların elmə təşviqinə mühüm töhfə verir.