"20 Yanvar-Qanlı Yanvar" adlı onlayn tədbir keçirilib
16.01.2022-ci il tarixində Bakı Dövlət Universiteti Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə "20 Yanvar-Qanlı Yanvar" adlı onlayn tədbir keçirilmişdir. Tədbirdə Kimya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov bildirmişdir ki, 20 yanvar xalqımızın zülmə, təcavüzə, haqsızlığa boyun əymədiyi, istiqlal yolunun ilk zirvəsi, azadlıq istəyinin oyanışı, tariximiz şanlı, qəhrəmanlıq səhifəsinin yazıldığı bir gündür. Tədbirdə Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının müdiri Rasim Alosmanov, Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri İbrahim Məmmədov 20 yanvar gecəsindən öncə və sonra ölkədəki vəziyyət haqqında, bu faciəli günlərdə şəhid olmuş kimyaçı alimlərimiz haqqında tədbir iştirakçılarına məlumat vermişdilər. Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Əli Qədirli çıxışında Ümummilli liderimiz Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqının səsinə səs verdiyini, xalqımıza qarşı törədilən təcavüzə kəskin etirazını bildirdiyini, faciəni törədənləri, M.Qorbaçovu kəskin ittiham etməklə baş vermiş faciəyə ilk siyasi qiymət verdiyini, qoşunların Bakıdan çıxarılmasını tələb etdiyini vurğuladı. Tədbirdə Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının sədr müavini Məhərrəmova Arzu "Qanlı Yanvar" adlı mövzu ilə çıxış etmişdir. Bu il xalqımız 20 Yanvar faciəsinin 32-ci ildönümünü qeyd edir, şəhid övladlarının məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir.