Akademik Rəfiqə Əliyevanın məzarı ziyarət edilib
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, kimya elmləri doktoru, professor, əməkdar elm xadimi Rəfiqə xanım Əliyevanın anadan olmasından 91 il keçir.
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin kollektivi Fəxri xiyabana gələrək Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, kimya elmləri doktoru, professor, əməkdar elm xadimi Rəfiqə Əliyevanın xatirəsini yad edib, məzarı önünə gül dəstələri düzüb.
Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik olan Rəfiqə Əliyeva 1964-cü ildən ömrünün sonuna qədər BDU-nun Analitik kimya kafedrasında işləyib. 450-dən artıq elmi əsərin, 25 dərslik və dərs vəsaitinin, 20 patentin müəllifi olmuş akademik ömrünün böyük hissəsini BDU-da ixtisaslı kadrların hazırlanmasına sərf edib.
Akademik Rəfiqə Əliyevanın əziz və unudulmaz xatirəsi öz taleyini bağladığı və inkişafına böyük töhfələr verdiyi BDU-nun Kimya fakültəsində həmişə ehtiramla yad edilir. Görkəmli alim, həssas qəlbli insan, qayğıkeş ana Rəfiqə xanım Əliyevanın əziz xatirəsi qəlbimizdə həmişə yaşayacaq və gənc nəsil onun yaratdığı elmi istiqaməti davam etdirəcək. Görkəmli alim, akademik Rəfiqə Əlirza qızı Əliyeva onu tanıyanların yaddaşında əsl Azərbaycan qadını, elm fədaisi və humanist qəlbli insan kimi yaşayır, işıqlı xatirəsi daim ehtiramla anılır.