Kəlbəcər rayonunun işğaldan azad olunması
Bakı Dövlət Universiteti (BDU) Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Kəlbəcər rayonunun işğaldan azad olunmasına həsr olunmuş tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi və ümumilli lider Heydər Əliyevin və qəhrəman Şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlamışdır.
Elmir Məmmədovun moderatorluğu ilə davam edən tədbirdə Kimya fakültəsi Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov bildirmişdir ki, 44 günlük Şanlı Zəfərin zirvəsi məhz Kəlbəcər rayonudur. Bu əsrarəngiz gözəlliyi nə sözlər, nə rəssam fırçası, nə də şair qələmi ifadə edə bilər, Kəlbəcərin hər bir daşı şanlı tarix, hər bir qarışı qızıldır. Cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis olunması hər bir azərbaycanlının fəxr və qürur mənbəyidir. Sözügedən sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olunmuşdur.
Fakültənin I kurs tələbədi Dərya Həsənova Kəlbəcər rayonunun qədim tarixindən, gözəl təbiəti və uca dağlarından, tükənməz sərvətlərindən, ərazi strateji əhəmiyyətindən bəhs etmiş, Rəvanə Quliyeva Kəlbəcər rayonuna həsr etdiyi şeirini ifa etmişdir.
Tədbirdə Kəlbəcər rayonunun işğal tarixini, mənfur düşmən tapdağından azad olunmasını, Azərbaycanın Müzəffər ordusunun hərbi-strateji uğurlarını əks etdirən videoçarx nümayiş olunmuşdur. Əminliklə deyə bilərik ki, torpağın əsl sahibləri qayıtmışdır. Bu torpaqlara yeni həyat, yeni nəfəs verilir. Azad Kəllbəcərin xoş günləri bundan sonra olacaq. Sazlı-sözlü Kəlbəcər yenidən Azərbaycanın zümrüd qaşı kimi parlayacaq.