“Milli qürur günümüz” adlı tədbir keçirilmişdir
Bakı Dövlət Universiteti (BDU) Kimya fakültəsi Tələbə Təşkilatlarının təşəbbüsü ilə “Milli qürur günümüz” adlı tədbir keçirilmişdir. Elmir Məmmədovun moderatorluğu ilə keçirilən tədbir dövlət himninin səsləndirilməsi, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin və Ümumilli Lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Fakültənin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov öz çıxışı zamanı bildirmişdir ki, Zəfər günü Azərbaycan xalqının birliyinin, möhkəm iradəsinin və qəhrəmanlığının simvoludur. Qarabağın ən uca zirvələrinə Azərbaycan bayrağını sancan qəhrəman oğullarımız daim xalqımızın fəxr və qürur mənbəyi olmuşdur. Fakültənin l kurs tələbəsi Nəsibə Məmmədova öz çıxışı zamanı zəfərimizin ən uca nöqtəsi olan Şuşanın azad olunması haqqında ətraflı məlumat vermiş, bildirmişdir ki, Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun qəhrəmanlığı dünyaya səs salmışdır. Fakültənin l kurs tələbəsi Rəvanə Quliyeva vətənpərvərliyə həsr etdiyi şeirini səsləndirmiş, tədbir zəfər gününə həsr edilmiş videoçarxın nümayiş olunması ilə başa çatmışdır.