“Narkomaniyaya YOX deyək!” adlı tədbir keçirilib
Bakı Dövlət Universitetində (BDU) Biologiya, Kimya, Sosial elmlər və psixologiya fakültələrinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya YOX deyək!” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib.
Biologiya fakültəsinin dekanı Afət Məmmədova müasir dövrdə narkomaniyanın insanlıq əleyhinə böyük bəlaya çevrildiyini qeyd edib, yeniyetmə və gənclər arasında narkomaniya ilə mübarizənin və ictimai nəzarətin əhəmiyyətini vurğulayıb.
Kimya fakültəsinin dekan müavini Taleh Qəhramanov tədbirin Azərbaycan cəmiyyətinə çağırış olduğunu deyərək, gəncləri sağlam həyat tərzi keçirməyə, kitablardan, filmlərdən, maraqlı insanlarla ünsiyyətdən zövq almağa, zərərli vərdişlərdən uzaq olmağa çağırıb.
Ehtiyatda olan polis polkovniki Adıgözəl Adıgözəlov, Bakı şəhəri Narkoloji Mərkəzin narkoloq-həkimi Fəzail Sadıqov, Respublika Narkoloji Mərkəzinin psixoloqu Ramin Allahverdiyev, Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatının sədri Əli Qədirli, Sosial elmlər və psixologiya fakültəsinin Sosial və pedaqoji psixologiya kafedrasının müəllimi Diyanə İbrahimova və həmin fakültənin IV kurs tələbəsi Ayşən Qəribova çıxışlarında gənclər arasında psixoaktiv maddələrdən sui-istifadə zamanı yaranan asılılıq problemləri, asılılığın başvermə səbəbləri, psixoaktiv maddələrin kimyəvi tərkibi və yaratdığı fəsadlar, bununla əlaqədar hüquq pozuntularının profilaktikası haqqında tədbir iştirakçılarına ətraflı məlumat veriblər.
Narkomaniyanın cinayətkarlığa, zorakılığa yol açdığı, hazırda ciddi qlobal problemə çevrildiyi, narkotik vasitələrdən istifadə edən şəxslərin özlərini uğurlu gələcəkdən məhrum etdikləri tədbir iştirakçılarının nəzərinə çatdırılıb.
Tədbirin sonunda qonaqlar tələbələrin çoxsaylı suallarını cavablandırıblar.