Neft kimyası və kimya texnologiyası kafedrasında elmi seminar keçirildi
22 dekabr 2023-cü il tarixində Kimya fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşəbbüsü ilə "Neft kimyası və kimya texnologiyası" kafedrasının “Neft kimyası” ixtisası üzrə I kurs magistrantı Ağazadə Nərmin Cəlil qızının "Təbii və sintetik xalkonlar, onların farmaseptik əhəmiyyəti" mövzusunda elmi seminarı keçirilmişdir.
Seminarın açılışında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmiş, Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra TEC sədrinin müavini Şəlalə İsmayılova təqdim ediləcək mövzu haqqında iclas iştirakçılarını məlumatlandırmış, çıxış üçün sözü kafedra müdiri İbrahim Məmmədova vermişdir. İ.Məmmədov çıxış edərək bu tip tədbirləri alqışladığını və TEC rəhbərliyinə təşəkkürünü bildirmişdir.
Seminarda çıxış edən Nərmin Ağazadə qeyd etmişdir ki, xalkon birıləşmələri təbiətdə çox geniş yayılmışdır. Xalkon-flavon tipli birləşmələr xərçəng, diabet, vərəm, qan və s. xəstəliklərin müalicəsində geniş tətbiqini tapmışdır. Göstərilən maddələr çox mühim xüsusiyyətlərə malik olduğundan müasir üzvi və neft kimyəvi sintezdə də aktuallığını qoruyub saxlayır. Eləcə də xalkon törəmələrinin sənaye miqyasında digər əhəmiyyətləri də vurğulanmışdır.
Nərmin Ağazdə həmçinin özü tərəfindən aparılan elmi tədqiqat işləri haqqında məlumat verərək qeyd edilmişdir ki, sintez olunan birləşmələrin gələcəkdə yağlara-yanacaqlara əlavə, azot-, kükürd-, oksigen saxlayan törəmələrin isə bir sıra dərman maddələri kimi sınağı nəzərdə tutulmuşdur.
Sonda tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılmış, mövzu ətrafında maraqlı müzakirələr həyata keçirilmişdir.