Sosial şəbəkələrin gənclərə olan təsiri
Bakı Dövlət Universiteti (BDU) Kimya fakültəsi Könüllülər təşkilatının təşəbbüsü ilə "Sosial şəbəkələrin gənclərə olan təsiri" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə iştirak edən Pedaqojika kafedrasının professoru, pedaqoji elmlər doktoru Elza Mollayeva mövzu üzrə ətraflı şıxış edərək, bildirmişdir ki, cəmiyyətin müxtəlif yaş qrupundan olan üzvləri, o cümlədən uşaqlar və yeniyetmələr də sosial şəbəkənin imkanlarından geniş istifadə etməyə çalışırlar. Hal-hazırda sosial şəbəkənin istifadəçiləri arasında, gənc nəslin nümayəndələri xüsusilə çoxluq təşkil edir. Sosial şəbəkə yenilikləri və faydaları ilə bərabər elmi-mədəni, mənəvi-əxlaqi dəyərlərə, gənc nəslin psixoloji-fiziki yetkinləşməsinə və tərbiyəsinə ciddi təhlükələr doğurur. Gənc nəsildə milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin inkişaf etdirilməsi bu gün ən aktual məsələlərdən biri hesab olunur, dövlətin ümummilli ideologiyasının qorunması baxımından müstəsna rola və əhəmiyyətə malikdir. Könüllülər təşkilatının üzvləri Şərqiyyə İbrahimova, Zeynəb Qənbərova, Fatimə Cəfərli tərəfindən tələbələrə maariflədirici təqdimatlar və videoçarx təqdim edilmişdir.