Üzvi kimya kafedrasında elmi seminar keçirildi
29 fevral 2024-cü il tarixində Kimya fakültəsinin Üzvi kimya kafedrasının sabiq doktorantı Qacar Aytən Müzəffər qızının «4-CH3- və 4-C(CH3)3-benzaldehid əsasında dixlor-, dibromdiazadienlərin və dibromvinil benzolların sintezi, reaksiya mexanizmlərinin DFT metodu ilə araşdırılması» mövzusunda elmi seminarı keçirilmişdir.
Seminarda Qacar Aytən çıxış edərək bildirmişdir ki, son illərdə yeni dihalogendiazadien törəmələrinin sintezi və onların bioloji xassələrinin öyrənilməsi olduqca aktual məsələdir. Bunları nəzərə alaraq, yeni dihalogendiazadien törəmələrinin sintezi zamanı əmələ gəlmiş reaksiya qarışıqlarının GC-MS analizi aparılmış, reaksiya mexanizmi haqqında daha çox məlumat əldə etmək üçün hidrazonlarla CCl4 və ya CBr4 arasında Cu iştirakında gedən reaksiyanın DFT hesablaması həyata keçirilmiş və bu hesablamalardan istifadə etməklə reaksiya mexanizmi nəzəri cəhətdən öyrənilmiş, əlavə təcrübələr əsasında bəzi reaksiyalarda müşahidə edilmiş kənaraçıxmaların səbəbləri aşkar edilmiş, dihalogendiazadienlər əsasında α-keto efirlərin arilhidrazo törəmələri sintezi edilmiş, tədqiqat zamanı alınmış birləşmələrin Hirşfeld səth analiz metodu ilə tədqiqi həyata keçirilmiş və sintez edilmiş birləşmələrin fizoloji aktiv birləşmələr kimi antimikrob xassələrinin tədqiqi aparılmışdır. Aparılmış hesablamalar nəticəsində müəyyən olunmuşdur ki, bu maddələr qrammənfi və qrammüsbət bakteriyaların geniş spektrli inhibitor təsirinə malikdir və dezinfeksiyaedici vasitə kimi istifadə edilə bilər ki, bu da alınmış eksperimental analizlərin nəticələri ilə tamamilə üst-üstə düşür.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmış, mövzu ətrafında maraqlı müzakirələr həyata keçirilmişdir.