Analitik kimya kafedrasında elmi seminar keçirildi

Bakı Dövlət Universitetinin Analitik kimya kafedrasının doktorantı İmaməliyeva Aytən Asiman qızının “Gümüş nanohissəciklərinin bis-[2,3,4-trihidroksifenilazo]benzidin reagenti və setiltrimetilammonium bromid əsaslı yeni komplekslərinin sintezi və quruluşu” mövzusunda seminarı keçirilmişdir. Bu işdə gümüş nanohissəcikləri (AgNPs), benzidin–piroqallol əsaslı azo reaktiv və STABr iştirakı ilə yeni analitik sistemlərin sintezi, quruluşu və spektroskopik xassələri kompleks şəkildə tədqiq edilmişdir. Aparılan araşdırmalar göstərir ki, 1–100 nm ölçü diapazonuna malik Ag nanohissəcikləri yüksək səth sahəsi, güclü səthi plazmon rezonansı (SPR), katalitik aktivlik və asan funksionalizasiya qabiliyyəti ilə analitik kimyada olduqca perspektivlidir. Sintez üsullarının müqayisəsi nəticəsində müəyyən edilmişdir ki, kimyəvi reduksiya üsulu ölçüyə nəzarət, sürət və stabillik baxımından ən əlverişli yanaşmadır. Fiziki metodlar yüksək təmizlik versə də, bahalı və məhdud tətbiqli olduğu üçün rutin analizlər üçün az uyğundur. Yaşıl sintez isə ekoloji təhlükəsizlik və sadəlik baxımından üstündür. Bu səbəbdən tədqiqatda gümüş nanohissəcikləri əsas olaraq ekoloji cəhətdən təmiz metadla-yaşıl sintez metodu ilə sintez edilmişdir. Spektroskopik analizlər (UV–Vis, IR, XRD, SEM və EDS) göstərmişdir ki, AgNP-lər benzidin–piroqallol reaktivi ilə koordinasiya edərək Ag–O və Ag–N tipli bağlar yaradır. Bu kompleksləşmə nəticəsində udulma maksimumlarında batoxrom sürüşmə müşahidə olunur və sistemin optik siqnalı güclənir. CTAB-ın əlavə olunması isə elektrostatik sabitləşdirmə və kolloid mühit yaratmaqla kompleksin dayanıqlığını əhəmiyyətli dərəcədə artırır, həmçinin spektral maksimumun daha uzun dalğa uzunluğuna keçməsinə səbəb olur. IR analizləri kompleks əmələgəlməni təsdiq etmiş, xüsusilə –OH, –N=N və C–O qruplarının vibrasiya dəyişiklikləri və 450–500 sm⁻¹ sahəsində Ag–O/Ag–N bağlarına aid yeni zolaqların yaranması koordinasiya prosesinin baş verdiyini göstərmişdir. SEM və EDS nəticələri isə nanostrukturların məsaməli və heterogen xarakterini, həmçinin Ag elementinin uğurla sistemə daxil olduğunu təsdiqləmişdir. XRD analizləri isə sistemlərin həm amorf, həm də kristallik fazalardan ibarət olduğunu, kompleks əmələgəlmə ilə kristallik nizamlanmanın dəyişdiyini ortaya qoymuşdur. Analitik hissədə molibden (VI) ionlarının təyini üçün üç sistem müqayisə edilmişdir: R–Mo, Ag–R–Mo və Ag–R–CTAB–Mo. Nəticələr göstərmişdir ki, sistemin mərhələli şəkildə təkmilləşdirilməsi udulma intensivliyini artırır, dalğa uzunluğunu bathoxrom istiqamətdə sürüşdürür və Beer qanununa tabeçilik intervalını genişləndirir. Ən yüksək həssaslıq və ən aşağı təyinetmə həddi Ag–R–CTAB–Mo üçlü sistemində əldə olunmuşdur (pH = 1, λmax ≈ 460–465 nm). Kompleks tərkibi izomolyar seriyalar metodu ilə 1:2 (metal:ligand) nisbətində müəyyən edilmiş, Starik–Barbanel metodu ilə isə reagentin optimal həcmi seçilmişdir. Ümumilikdə nəticələr göstərir ki, Ag nanohissəciklərinin azo reaktiv və CTAB ilə birgə istifadəsi analitik siqnalı gücləndirir, kompleksin stabilliyini artırır və molibden (VI) ionlarının yüksək həssas və selektiv təyini üçün optimal şərait yaradır. Bu yanaşma gələcəkdə digər keçid metal ionlarının təyini üçün də geniş tətbiq potensialına malikdir. Seminar iştirakçılarının qarşılıqlı müzakirəsindən sonra sualların cavablandırılması ilə tədbir yekunlaşmışdır.