“Qarabağ Bölgəsinin Şəhərsalma Strukturu: İşğaldan Əvvəl və Sonra” adlı tədbir keçirildi

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Şəhərsalma və memarlıq ili”nə həsr olunmuş “Qarabağ Bölgəsinin Şəhərsalma Strukturu: İşğaldan Əvvəl və Sonra” adlı tədbir keçirilmişdir. Tədbirin açılışında Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov çıxış etmişdir. O, Qarabağ bölgəsinin Azərbaycanın strateji əhəmiyyətli ərazilərindən biri olduğunu və işğaldan əvvəl şəhərsalmanın milli memarlıq ənənələrinə əsaslandığını qeyd etmişdir. Lakin işğal dövründə bu ərazilərdə böyük dağıntılar törədilmiş, infrastruktur məhv edilmişdir. Bu gün azad olunan ərazilərdə aparılan yenidənqurma işlərinin məqsədinin yalnız bərpa deyil, müasir şəhərsalma prinsiplərinə uyğun yeni həyat qurulması olduğunu vurğulamışdır. Taleh Qəhrəmanov, həmçinin “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqinin önəmini qeyd etmişdir. Daha sonra tələbələr Aysu İmanova və Ofelya Musazadə Qarabağ şəhərsalmasının xüsusiyyətlərini, işğal dövründəki dağıntıları və yenidənqurma layihələrini təqdim etmişlər. Çıxışlarında həmçinin tarixi abidələrin və infrastrukturun bərpasına dair məlumatlar verilmişdir. Tədbir videoçarxın nümayişi ilə sona çatmışdır. Videoçarxda Qarabağın keçmiş görüntüləri, işğal dövründəki dağıntılar və hazırda aparılan bərpa işləri göstərilmişdir.