27 mart “Elm Günü” münasibəti ilə Fiziki və kolloid kimya kafedrasında elmi seminarı keçirildi

27 mart “Elm Günü” münasibəti ilə Kimya fakültəsinin Fiziki və kolloid kimya kafedrasının doktorantı Məmmədova Xanımbacı Mahmud qızının “Bioetanolun yanacağa çevrilməsində seolitlərin rolu və istifadə olunan üsullar” mövzusunda elmi seminarı keçirilmişdir. Seminarda məruzəçi Məmmədova Xanımbacı qeyd etmişdir ki, müasir dövrdə bioetanolun yanacağa çevrilməsində seolitlər yüksək turşuluq və selektiv məsamə quruluşuna malik katalizator kimi çıxış edərək dehidratlaşma, krekinq və aromatikləşmə reaksiyalarını sürətləndirir və nəticədə bioetanol karbohidrogenlərə (benzin fraksiyalı məhsullara) çevrilir. Müasir enerji keçidi şəraitində bərpa olunan xammal bazasına əsaslanan yanacaq texnologiyalarının inkişafı xüsusi aktuallıq kəsb edir. Prosesin effektivliyi katalizatorun turşuluq dərəcəsi, məsamə quruluşu və metal modifikasiyası ilə müəyyən olunur. Geniş tətbiq olunan üsullar seolit əsaslı katalitik dehidratlaşma (məsələn, etilendən başlayaraq) və ZSM-5 tipli seolitlər üzərində birbaşa “ethanol-to-hydrocarbons (ETH)” prosesidir. Seolit karalizatorları bioetanolun yalnız alternativ yanacaq deyil, həm də neft-kimya sənayesinin davamlı xammalına çevrilməsində əsas rol oynayır. Nəticə etibarilə, seolit katalizi bioetanolun yüksək dəyərli karbohidrogenlərə çevrilməsi üçün effektiv və perspektivli platformadır. Bu proses bərpa olunan xammalın mövcud yanacaq sisteminə inteqrasiyasına imkan yaradır və davamlı enerji modelinə keçid baxımından strateji əhəmiyyət daşıyır. Elmi seminarda qarşılıqlı müzakirələr aparılmış, seminar sualların cavablandırması ilə yekunlaşmışdır.