27 mart “Elm Günü” münasibəti ilə Yüksəkmolekullu birləşmələr kimyası kafedrasında elmi seminar keşirildi

27 mart “Elm Günü” münasibəti ilə Kimya fakültəsinin Yüksəkmolekullu birləşmələr kimyası kafedrasında elmi seminar keşirilmişdir. Kafedranın I kurs magistrantı Ayxan Əliyev “Dərman daşıyıcıları kimi tətbiq olunan nanohissəciklərin fiziki və kimyəvi xüsusiyyətləri” mövzusunda elmi seminarda çıxış etmişdir. Məruzə zamanı nanohissəciklərin ölçü və formasının, həmçinin səth enerjisi və səth yükünün onların optik və maqnit xassələrinə, eləcə də elektrik keçiriciliyinə təsiri ətraflı şəkildə izah edilmişdir. Bildirilmişdir ki, dərman daşıyıcı sistemlər kimi istifadə olunan nanoquruluşların qeyd olunan parametrlərinin məqsədyönlü şəkildə tənzimlənməsi onların müxtəlif sahələrdə, xüsusilə biotibbi tətbiqlərdə daha effektiv istifadəsinə imkan yaradır. Çıxışda müasir tibbdə terapevtik və diaqnostik məqsədlərlə geniş tətbiq olunan dəmir qarışıq oksidi (maqnetit), qızıl və gümüş nanohissəciklərinin praktik əhəmiyyətindən də bəhs edilmişdir. Onların biouyğunluq, hədəflənmiş daşınma və görüntüləmə imkanları xüsusi vurğulanmışdır. Məruzənin sonunda Ayxan Əliyev tezis mövzusu çərçivəsində maqnetit nanohissəciklərinin sitrat turşusu və xitozanla örtüklənməsi, həmçinin bu sistemlərdə dərman maddəsinin yüklənməsi və buraxılması proseslərinin hazırda tədqiqat mərhələsində olduğunu qeyd etmişdir. Hər bir nümunə üzrə aparılan işlər və gözlənilən nəticələr müqayisəli şəkildə təqdim olunaraq məruzə yekunlaşdırılmışdır. Elmi seminarda qarşılıqlı müzakirələr aparılmış, seminar sualların cavablandırması ilə yekunlaşmışdır.