4 oktyabr – Cəbrayıl Gününə həsr olunmuş tədbir keçirildi
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə 4 oktyabr – Cəbrayıl Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmış, ardınca Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş igid oğul və qızlarımızın müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Kimya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov çıxışında tarixi 44 günlük Vətən müharibəsinin xalqımızın qəhrəmanlıq salnaməsinə çevrildiyini diqqətə çatdırmışdır. O, Ali Baş Komandanın müdrik rəhbərliyi altında Azərbaycan Ordusunun güc və iradə nümayiş etdirərək, uzun illər işğal altında olan torpaqlarımızı azad etməsindən söz açmışdır. Çıxış zamanı şəhidlərimizin əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı, qazilərimizin isə daim gənc nəslin qəhrəmanlıq və vətənpərvərlik nümunəsi olacağı vurğulanmışdır. Eyni zamanda, dekan müavini Cəbrayıl rayonunun həm tarixi, həm də strateji baxımdan Azərbaycan üçün böyük önəm daşıdığını qeyd etmiş, bu bölgənin azad olunmasının müharibənin sonrakı gedişində mühüm dönüş nöqtəsi olduğunu xatırlatmışdır. Tədbirin bədii hissəsində III kurs tələbəsi Aysun Vəliyeva “Şuşanın dağları” mahnısını ifa etmiş, tələbələrin ifasında vətənpərvərlik ruhunu əks etdirən şeirlər səsləndirilmişdir. Ardınca Cəbrayıl rayonunun işğaldan azad olunmasına həsr edilmiş videoçarx nümayiş etdirilmiş, həmin anların tarixi əhəmiyyəti və xalqımız üçün qürurverici məqamları bir daha tədbir iştirakçılarına yaşadılmışdır. Sonda tələbələr və müəllim heyəti şəhidlərimizin ruhuna dualar etmiş, onların müqəddəs amal uğrunda göstərdikləri igidliyin Azərbaycan gənclərinin yaddaşında daim yaşayacağını bir daha bəyan etmişlər. Tədbir vətənpərvərlik ruhunda müzakirələrlə yekunlaşmışdır.