4 oktyabr - Cəbrayıl Şəhəri Gününə həsr olunmuş tədbir keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tələbə Həmkarlar İttifaqi komitəsinin (THİK) təşəbbüsü ilə 4 oktyabr - Cəbrayıl Şəhəri Gününə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Kimya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov bildirib ki, bu əlamətdar günün təsis olunması Cəbrayıl şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. 44 günlük Vətən müharibəsində xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək birlik və fədakarlıq göstərdi, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı, canı bahasına azad edildi. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olundu. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış 36 ailə (117 nəfər) şəhərə yola salınıb. 30 il vətən həsrəti çəkən sakinlərimizin üzündəki gülüş və təbəssüm onların doğma torpaqlar üçün nə qədər darıxdıqlarını göstərir. Qürur hissi ilə deyə bilərik ki, bu gün Cəbrayıl yeni bir dövrə, yeni mərhələyə qədəm qoyur, bu münasibətlə həmyerlilərimizi təbrik edirik. Allah Prezidentimizi və xalqımızı qorusun. Bütün şəhidlərimizə rəhmət etsin, yaralı qazilərimizə şəfa versin. Tədbirdə fakültənin tələbələri Nəzrin Ağazadə, Rəvanə Quliyeva və Alim Məmmədov tərəfindən ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, Cəbrayıl rayonunun işğaldan azad edilməsinə həsr olunmuş videoçarx nümayiş olunub.