“44 günlük zəfər salnaməsi” adlı tədbir keçirildi
Bakı Dövlət Universiteti Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 27 sentyabr – Anım gününə həsr olunmuş “44 günlük zəfər salnaməsi” adlı tədbir keçirilmişdir. Tədbir dövlət himninin səsləndirilməsi və müqəddəs torpaqlarımızın azadlığı uğrunda canını fəda edən Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Kimya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov öz çıxışı zamanı müasir Azərbaycan Ordusunun qüdrətindən, əsl cəsarət və qəhrəmanlıq göstərən igid oğullarımızın keçdiyi ağır döyüş yolundan, dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi yüksək diqqət və qayğıdan bəhs etmişdir. O qeyd etmişdir ki, ölkəmizin ərazi bütövlüyünün qorunması, tarixi torpaqlarımızın düşmən işğalından azad olunması zamanı həyatını itirən şəhidlərimizin əziz xatirələri xalqımız tərəfindən daim uca tutulur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" Sərəncam qəhrəmancasına vuruşmuş, Azərbaycan Bayrağını doğma torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, şəhidlərin doğmalarına ehtiramın göstəricisidir.