Kimya fakültəsində 8 Mart Beynəlxalq Qadınlar Günü
7 mart 2023-cü il tarixində Bakı Dövlət Universitetinin Kimya fakültəsində 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Kimya fakültəsinin dekanı Fuad Kərimli Beynəlxalq Qadınlar Günü münasibətilə fakültənin xanım əməkdaş və tələbələrini təbrik edib, ölkəmizin elmi potensialının artırılmasında xanımlarımızın layiqli yer tutduğunu vurğulamış, Azərbaycanda yüksək ixtisaslı kimyaçılar nəslinin yetişməsində akademik Rəfiqə Əliyevanın verdiyi töhfələrdən danışmış, ruhunu böyük ehtiramla yad etmişdir. Xalqımıza Qələbə sevincini yaşadan qəhrəman oğullar yetişdirən Azərbaycan qadınlarının mərdlik və fədəkarlıqlarını, müqəddəs bir missiyanı şərəflə daşıdıqlarını, ölkəmizin ictimai-siyasi həyatda yaxından iştirak etdiklərini vurğuladı, Universitetin rektoru cənab Elçin Babayevin təbriklərini və arzularını çatdırdı. Yüksək molekullu birləşmələr kimyası kafedrasının müəlliməsi Elgül xanım Abdullayeva 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə öz səmimi ürək sözlərini çatdırıb, xanımlara bahar təravətli, yaz ətirli, sevinc dolu ömür arzuladı, tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi.Tədbirdə Kimya fakültəsinin birinci kurs tələbəsi Məhəmməd Məmmədli Cəfər Cabbarlının Ana şeirini, Cəmilə Ənnağıyeva öz yazdığı şeri səsləndimiş, tələbələr tərəfindən hazırlanmış ədəbi-bədii kompazisiya təqdim olunmuşdur. Sonda 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.