8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirildi
6 mart 2025-cI il tarixində Bakı Dövlət Universitetinin Kimya fakültəsi Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilmişdir. Kimya fakültəsinin dekanı Fuad Kərimli, Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov Beynəlxalq Qadınlar Günü münasibətilə fakültənin xanım əməkdaş və tələbələrini təbrik etmiş, xalqımızın hər zaman qadına dərin ehtiram bəslədiyini, onların elmin inkişafında, layiqli yer tutduğunu vurğulamışlar. Azərbaycanda yüksək ixtisaslı kimyaçılar nəslinin yetişməsində akademik Rəfiqə Əliyevanın verdiyi töhfələrdən danışılmış, ruhunu böyük ehtiramla yad etmişlər. Xalqımıza Qələbə sevincini yaşadan qəhrəman oğullar yetişdirən Azərbaycan qadınlarının mərdlik və fədəkarlıqlarını, müqəddəs bir missiyanı şərəflə daşıdıqlarını, ölkəmizin ictimai-siyasi həyatda yaxından iştirak etdiklərini vurğulanmışdır. Yüksək molekullu birləşmələr kimyası kafedrasının dosenti Elgül xanım Abdullayeva 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə öz səmimi ürək sözlərini çatdırmış, xanımlara xöşbəxtlik dolu ömür arzulayaraq tədbirin təşkilatçılarına minnətdarlığını bildirmişdir. Tədbirdə Kimya fakültəsinin ikinci kurs tələbəsi Nəzrin Ağazadə Beynəlxalq Qadınlar Gününün yaranma tarixi və önəmi haqqında çıxış etmiş, Aydan Süleymanova, Zəkiyyə Məmmədova, Şəlalə Hidayətova, Nihad Nəsirli tərəfindən hazırlanmış ədəbi-bədii kompazisiya təqdim olunmuşdur. Sonda 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.