Abituriyentlərin nəzərinə!
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində 7 kafedra, 5 elmi-tədqiqat, 28 tədris laboratoriyası fəaliyyət göstərir. Fakültənin elmi-tədqiqat və tədris laboratoriyaları müasir avadanlıqlarla təchiz olunub. Fakültənin tələbə və magistrantları BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzində fəaliyyət göstərən laboratoriyalarda tədqiqat aparmaq imkanına malikdirlər.
Fakültədə Ümumi və qeyri-üzvi kimya, Üzvi kimya, Analitik kimya, Fiziki və kolloid kimya, Neft kimyası və kimya texnologiyası, Yüksəkmolekullu birləşmələr kimyası, Kimyanın tədrisi metodikası kafedraları fəaliyyət göstərir.
Fakültədə Kimya, Kimya mühəndisliyi, Kimya müəllimliyi ixtisasları üzrə kadr hazırlığı aparılır.
Kimya ixtisasını bitirən tələbələr kimya, neft kimyası sənayesi müəssisələrində, kimya profilli elmi-tədqiqat institutlarında işləyə bilərlər.
Kimya müəllimliyi ixtisasını bitirən tələbələr respublikamızın orta məktəblərində, liseylərində kimya fənnini tədris edə bilərlər.
Kimya mühəndisi ixtisasında neft-qaz, boya, kimya, plastik maddələr, ərzaq, əczaçılıq və digər emal sənayeləri üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlığı aparılır.
Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində həyata keçirilir.