Akademik Rəfiqə xanım Əliyevanın anım günüdür
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, kimya elmləri doktoru, professor, əməkdar elm xadimi Rəfiqə xanım Əliyevanın anım günüdür.
Görkəmli alim, akademik Rəfiqə Əlirza qızı Əliyeva onu tanıyanların yaddaşında əsl Azərbaycan qadını, elm fədaisi və humanist qəlbli insan kimi yaşayır, işıqlı xatirəsi daim ehtiramla anılır.
Rəfiqə Əliyeva 1932-ci il sentyabrın 20-də Naxçıvan şəhərində anadan olub. Ali təhsilini 1951–1956-cı illərdə Bakı Dövlət Universitetinin Kimya fakültəsində alıb. Əmək fəaliyyətinə 1956-cı ildə Azərbaycan Politexnik İnstitutunda başlayan Rəfiqə Əliyeva 1957-ci ildən etibarən BDU-da, 1958-1960-cı illərdə isə Azərbaycan Elmlər Akademiyasının Kimya Problemləri İnstitutunda kiçik elmi işçi kimi çalışıb. 1960-1963-cü illərdə BDU-nun Kimya fakültəsinin aspiranturasında təhsil alan Rəfiqə Əliyeva 1964-cü ildən ömrünün sonuna qədər Universitetin Analitik kimya kafedrasında işləyib və burada assistent, baş müəllim, dosent, professor vəzifələrini tutub. O, 2001-ci ildən “Ekoloji kimya və ətraf mühitin mühafizəsi” elmi-tədqiqat laboratoriyasına rəhbərlik edib.
Rəfiqə Əliyeva 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib. O, Azərbaycanın elm tarixində analitik kimya ixtisası üzrə ilk və yeganə akademik kimi qalır. Görkəmli akademik 2017-ci il mayın 6-da əbədiyyətə qovuşub.
Ömrünü kimya elminə həsr etmiş Rəfiqə Əliyeva bu sahədə yüksəkixtisaslı kadrların hazırlanmasına bütün bilik və bacarığını sərf edib. 450-dən artıq elmi əsərin, 25 dərslik və dərs vəsaitinin, 20 patentin müəllifi olan Rəfiqə Əliyeva bir sıra elmi şuraların və cəmiyyətlərin üzvü olub. Alimin rəhbərliyi altında 20-dən çox fəlsəfə və elmlər doktoru yetişib.
Azərbaycan Prezidentinin sərəncamı ilə o, “Əməkdar elm xadimi” adına layiq görülüb, “Şöhrət” ordeni ilə təltif edilib.
Akademik Y. Məmmədəliyev adına mükafatın laureatı olan Rəfiqə Əliyeva Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Amerika Biblioqrafiya İnstitutu tərəfindən “2001-ci ilin adamı” və “2001-ci ilin işgüzar qadını” seçilib. 2018-ci ildə “Azərbaycanım” Beynəlxalq Jurnalının redaksiya şurası “Akademik Rəfiqə Əliyeva adına Qızıl Orden” təsis edib.
Rəfiqə xanımın əziz xatirəsini dərin ehtiramla yad edirik.
Allah rəhmət eləsin!